Avropa Futbol Liqalarının (AFL) baş katibi Georq Pranql Peşəkar Futbol Liqasında (PFL) işgüzar səfərdə olub. Matc.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, 28 mayda baş tutan görüşdə avstriyalı Georq Pranql, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, baş direktor Məlik Həsənov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və başqa əməkdaşlar iştirak edib.

Tərəflər salamlaşdıqdan sonra bir-birinə hədiyyələr təqdim edib. PFL prezidenti Ramin Musayev qonağa milli xalça və dəqiqlik göstəricisi saat, Pranql isə Avropa Futbol Liqalarının atributunu təqdim edib. Bakı haqqında ilkin təəssüratlarını bölüşən baş katib şəhərimizi çox bəyəndiyini, buranın Monako və ya Parisdən fərqlənmədiyini dilə gətirib. Musayev isə öz növbəsində 2007-ci ildə "Neftçi"də çalışarkən Avstriyada təlim-məşq toplanışında olduğunu, elə həmin il də avrokuboklarda eyni ölkənin "Rid" komandası ilə qarşılaşdıqlarını və oradan xoş xatirələrlə ayrıldıqlarını qeyd edib.

10 il Avstriya Professional Futbol Liqasının prezidenti olmuş, 5 ildi Avropa Futbol Liqalarında çalışan, ümumilikdə futbol sahəsində 30 illik təcrübəyə sahib olan Georq Pranql ölkəsinin Peşəkar Futbol Liqasının keçdiyi yoldan danışıb: "2004-cü ildə 12-13 nəfərlə hər şeyi sıfırdan başlamışıq. Əvvəllər çox çətin idi, pis təşkilatlanmışdıq, lazımi inventarlar çatışmırdı, ofisimiz belə yox idi. Stadionlardan birində kiçik otaq kirayələmişdik. Lakin biz pillə-pillə inkişaf etməyə nail olduq. Hazırda Avstriya Professional Futbol Liqasının (APFL) öz ofisi, 3-3.5 milyon dollarlıq büdcəsi var. Biz komandalara göstərdik ki, onların APFL-ə ödədikləri məbləğlər qurumun böyüməyi ilə yanaşı, maliyyənin sponsorlar vasitəsilə yenidən onlara qayıtmasına və özlərinin də faydalanmasına səbəb olur. APFL çempionatı yayımladığına görə telekanallardan gələn ümumi məbləğin 10 faizi, titul sponsorluğu, ölkənin rəsmi bukmeyker kontorunun ayırdığı pul hesabına maliyyələşir".

Daha sonra avstriyalı slayd təqdimatlar edib. İlk təqdimat Avropa Futbol Liqaları haqqında ümumi məlumat xarakterli olub. Əsas məqsədlərdən birinin klublar arasında balansı qorumaq olduğunu bildirən qonaq 990 klubu əhatə edən qurumda 452 klubun büdcəsinin 0-10, 124 klubun 10-50, 47-sinin 50-100, 42 klubda 100-300 milyon avro aralığında, 12 klubda isə 300 milyon avrodan çox olduğunu nəzərə çatdırıb. 2017-ci ildə keçirilən Avropa Liqasının "Mançester Yunayted" – "Ayaks" finalını xatırladan Pranql büdcə fərqlərinə görə mütəxəssislərin oyundan əvvəl 85% ehtimalla ingilisləri qalib təxmin etdiklərini və bu kimi faktların komandalar arasındakı ayrı-seçkiliyin hansı səviyyədə qabartdığını göstərib. O, futbolun "təxmin edilə bilməzliyə" ehtiyacı yarandığını diqqətə çatdırıb.

İkinci slayd daha çox UEFA-nın yeni qərarları, qarşıdakı illərdə keçiriləcək Avropa Liqası-2, klubların gəlirlərinin təmin edilməsi və artırılması kimi məsələləri əhatə edib. Onun fikrincə, yeni qərarlar ölkə çempionatlarının reytinqində 15-ci pillədən aşağıda olan ölkələrin klublarına maddi cəhətdən mənfi təsir edəcək. Avropa Futbol Liqasının qarşısında duran əsas prioritetlərdən birinin avrokuboklarda iştirak etməyən və ya az iştirak etmiş komandaların maliyyə gəlirlərinin azalmasının qarşısını almaq olduğunu bildirən baş katib, həmrəyliyi təmin etməyin vacibliyini vurğulayıb: "Təşkilat az büdcəli klublara gələn 7%-lik gəliri 20%-ə qaldırılmağına nail olmağa çalışır. Avrokuboklarda iştirak etməyən klublara 8.5%-lik gəlirin 7.3%-ə endirilməsi, UEFA-nın turnirlərinin televiziya gəlirlərinin artması fonunda klubların öz çempionatlarının yayımından gələn məbləğlərdə eniş yaşaması qəbuledilməzdi. Yeni yaranan turnir az gəlirli olacaq. Yüksək gəlirlər qazanmaq bütün klubların haqqıdı. Əks təqdirdə, komandalar arasındakı büdcə fərqləri uçurum səviyyəsinə çatacaq. Avropa Liqası-2 çempionatı yüksək maliyyə dayaqları olacağı halda qəbul edilə bilər".

Sonda PFL prezidenti Ramin Musayev qonağa gəldiyinə və vacib məlumatları bölüşdüyünə görə minnətdarlıq edib. Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Avropa Futbol Liqalarının baş katibi Georq Pranql bundan sonra da qurumlar arasındakı əlaqələrin inkişaf edəcəyinə inandığını vurğulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest