Tanınmış idman jurnalisti, "Neftçi" klubunun sabiq mətbuat katibi Anar Şabanoğlunun müsahibəsi...

- Anar bəy, necə oldu ki, idman mətbuatına gəldiniz? öz seçiminiz idi, yoxsa iş belə gətirdi?

- Futbolu özümdən çox sevirdim. Uşaq vaxtından dəlisi idim futbolun. Gədəbəydə orta məktəbdə oxuyurdum. Bizim rayonda cəmi bir qəzet köşkü vardı. Səfər dayı işlədirdi o köşkü. O zaman nəinki idman qəzeti, qəzetlərdə idman səhifəsi belə yox idi. Hansısa qəzetdə 1 idman xəbəri olurdusa alırdım. Sonra ustad Məzahir Süleymanzadə sağ olsun, "AFFA News" qəzetini buraxdı. AzTV-də Toğrul Bağırovun "Virtuoz" verilişi vardı. Azərbaycan futbolunu onların sayəsində sevdim. Rus kanallarından isə "Futbol bez qranits" və "Futbolnoe obozrenie" verilişlərini, çempionlar Liqasında qan edən Moskva "Spartak"ının oyunlarını sevə-sevə izləyirdim.

Bakıda rus lotosunun dəb vaxtları idi. Uşaqlıqda bir az ərkəsöyün, bir az da dəcəl idim. Ağa Neymətulla küçəsində böyük bir loto vardı. Oranın daimi müştərisi idim. Bir gün orda superoyunda videomaqnitofon uddum. Filmləri çox sevərdim. Amma artıq futbolu o qədər sevmişdim ki, filmlər yaddan çıxmışdı. Videomaqnitofonu "Krosna"ya dəyişdim. Gədəbəydə ilk dəfə bizdə olub. Quraşdırmaq üçün usta tapa bilmirdik. Axırda Şuşinskinin tələbəsi olmuş görkəmli müğənni Raziyyə Şirinovanın qardaşı Zakir vardı, bir az bu işlərdən başı çıxırdı. Ondan atam xahiş elədi, gəlib böyük əziyyətlə antenanı düz-qoş elədi. "Qalatasaray" xəstəsi oldum, türk peykinin sayəsində. Moskva "Spartak"ının oyunlarını izləmək üçün isə Slavyanka kəndində yaşayan Musa babagilə gedirdim.

Gədəbəy stadionunda hava qaralıb top görünməyənəcən, daha sonrada evimizin aynabəndində corabları yumrulayıb, stulları qoyub təkbaşına futbol oynayırdım. Qonşumuz, hazırda Xəzər TV-dən tanıdığınız Vamiq Nəsirov da hərdən gəlib mənə qoşulurdu. Bizlə eyni binada daha sonra "Futbol+"in jurnalisti olmuş Vəfa xanım da yaşayırdı. Kiçik bir məhlədən 3 nəfər bu sahəyə gəldi.

1996-cı ildə ilk dəfə stadiondan oyun izlədim.  "Neftçi" - "Lokomotiv" (Sofiya) oyununu. "Neftçi" Azərbaycan klubları tarixində avrokuboklarda ilk qələbəsini qazandı. Stadionda ikinci izlədiyim oyunda millimiz İsveçrəni məğlub etdi. Bundan sonra Azərbaycanda əsas millinin və klublarımızın keçirdiyi bütün oyunlara Gədəbəydən gəlib qayıdırdım. Oyunlardan bir gün əvvəl məşqlərə də gedirdim. Ture Andre Flodan tutmuş Yari Litmanenə kimi bir çox ünlü ilə fotolarım vardı. Təbii ki, Nazim Süleymanov, Tərlan Əhmədov və digər öz futbolçularımızla da. Amma o zaman çox arıq və eybəcər idim. Sonra o fotoların çoxunu cırıb atdım. Məncə, yaxşı düşdüyün fotoları saxlamalısan ki, baxanda özünə də xoş gəlsin.

Nə isə. Futbol aclığım qismən "Futbol+" qəzeti çıxandan sonra keçməyə başlamışdı. "Sport Ekspress", "Sovetski Sport", "Futbol" qəzetlərinə də Gədəbəydə abunə yazılmışdım. Bəlkə də bu mənada bir ilkə və sona imza atmışam. Bir gün bacım dedi ki,  bu qəzetdə elan var ki, müsabiqə olacaq. Jurnalist axtarırlar. Sən də futbolda bilmədiyin məlumat yoxdu.  özümə heç güvənməsəm də, 16 yaşımda müsabiqəyə qatıldım. Hazırda mediada, TV-də olan bir çox ünlülər vardı o müsabiqədə. İlkin Fikrətoğlu, Elnur Məmmədli və mən bu müsabiqədən keçdik. Bu günə kimi də bu iki nəfər yaxın dostlarımdı.

- Heç futboldan kənara çıxmısınız? "Gərək idman sahəsini seçməzdim" dediyiniz vaxtlar olub?

- Olmayıb. Mən 19 yaşımda Moskvaya köçüb başqa sahədə çalışmışam. Amma hər zaman geriyə - futbola dönmək istəmişəm. İdman jurnalistikasına da yuxarıda dediyim kimi futbola olan sevgimə görə gəlmişəm. Təbii ki, maddi mənada çox şey itirmişəm. Amma mənəvi cəhətdən qazandığımı yəqin ki, heç bir pul əvəz edə bilməz.

- Neçə ildir mətbuatdasınız? Haralarda işləmisiniz?

- 20 ildən çoxdu. "Futbol+", "İdman", "Hürriyyət", CBC Sport. Bir də hazırda metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədovun redaktoru olduğu "Futbol+qol".

Amma demək olar bütün tanınmış idman və qeyri-idman saytlarımız üçün yazmışam. "525-ci qəzet" üçün Moskvadan yazdığım yazılar yəqin ki, belə demək mümkünsə yaradıcılığımın zirvəsidi. çünki, yalnız futbola aid olmayan o yazılar daha çox bəyənilirdi və daha çox reaksiyalar olurdu. Hətta bəziləri prezidentin elektron kitabxanasına daxil edilib.

- Bir müddət "Neftçi" klubunda mətbuat katibi vəzifəsində çalışmısınız. Və deyəsən öz istəyinizlə ayrılmısınız...

- Dediyim kimi, məni idman jurnalisti olmaqdan çox futbol maraqlandırıb. "Neftçi" mənim bu arzumu gerçəkləşdirdi. Futbol komandasının üzvü oldum. Həm də sıradan bir komandanın yox, uşaqlıqdan sevdiyim, köklü, əzəmətli bir klubun. Azərbaycanda futbol "Neftçi" ilə assosiasiya olunub. "Neftçi" topu, Banişevski və s və i, milli folklorumuza daxil olub, sevimli filmlərimizdə əbədiləşib. "Neftçi"yə gəlməyimdə əməyi olan hər kəsə təşəkkür edirəm. 

Amma mən jurnalistəm, "futbol xəstəsiyəm", mən siyasətçi deyiləm. "Neftçi"dən öz istəyimlə ayrıldım. Buna məcbur oldum. Yəni, kimsə məni zorla çıxarmadı. Sadəcə, hiss edirdim ki, Kamran Quliyev isti münasibət göstərmir, səmimi deyil. "İşimdən narazısınızsa deyin, səhvim varsa deyin, çalışım düzəldim" dedim. Amma bir neçə dəfə bunu desəm də, görürdüm ki, yola verir. Konkret heç nə demir. Amma "çıx get" də deyə bilmir. Fikirləşdim ki, klubun prezidentidi, vəzifəcə məndən üstündü. Adama niyə diskomfort verim. Amma kubok qazanmaq şansımız vardı. Onu gözləyirdim. "Qəbələ"ni səfərdə 2:1 udduq, evdə də 1:0 önə keçdik. Amma sonra "pərdəarxası" olaylara bənzəyən hadisələr yaşandı. 1:3 uduzub, kuboksuz qaldıq. Halbuki, "Qəbələ"ni udmuşduq, "Keşlə"dən isə 10 dəfə güclü idik və finalda onları yüzdəyüz udacaqdıq. Oyundan sonra "Qəbələ"dən tanıdığım uşaqlar vəziyyətimi görüb, istehzalı təskinlik verirdilər ki, futbol budu, çox ürəyinə salma. Rəngin qaçıb, ölərsən, hər dəfə belə "perejivat" eləsən, belə işləyəmməzsən futbolda. Sətiraltı məna vardı bu sözlərdə də, bu oyunda da. Mənim sübutum olmasa da, əminəm ki, o oyunu meydanda uduzmadıq. Sonra yazdılar ki, guya Kamran Quliyev Tərlan Əhmədovun getməsi üçün uğur qazanmasını istəmirmiş, buna görə yarımfinalın cavab matçından əvvəl futbolçuları çağırıb deyib ki, səninlə müqaviləni uzatmayacağıq, sənin maaşın çoxdu, qalmaq istəsən azaldacağıq və s.  Bəlkə də başqa hansısa kabinetdə həll olunmuşdu bu iş. çünki, finalda da  eyni olay "Qəbələ"nin öz başında çatladı. 

Daxilimdə qərar vermişdim ki, gedəcəm. çünki, ora elə bil yerdi ki, nə ağlaya bilirsən, nə söz deyə bilirsən, hər şey ürəyində qalır. Tribunada ağlamaq olar, amma burda necə ağlayasan, mətbuat konfransına çıxmalısan. "Qəbələ"yə məğlubiyyətdən sonra istefa verməliydim, ürəyimin səsinə qulaq asıb. Amma "Neftçi" mənə çox əziz klubdu. Həmkarlara, dostlara demişdim fikrimi. Deyirdilər, səbrli ol, sən Azərbaycan futbolu üçün də, Azərbaycan üçün də Kamran Quliyevdən daha çox faydalı işlər görmüsən. 

çempionatda "Keşlə"yə uduzandan sonra Kamran müəllim oyundan sonra çağırıb dedi ki, niyə uduzduq, bu nə oyundu oynayırıq, bu nə heyətdi, bu nə legionerlərdi, mövsümün sonu çox şey dəyişəcək. Mən də heç vaxt subordinasiyanı pozmadım, hər kim olsa "Neftçi"nin prezidentidi. Sakitcə qulaq asdım. Daha demədim ki, Kamran müəllim, mən nə baş məşqçiyəm ki, oyun quram, seleksionerəm ki, oyunçu alam. Mənə öz işimlə bağlı iradınız varsa deyin, dəfələrlə sual verirəm, demirsiz. Mənə hər şey aydın idi. çempionatın medalını nə qədər boynumdan asmaq istəsəm də, 2 tur gözləməyə lüzum görmədim, ərizəmi yazıb çıxdım. Amma ürəyim yenə o komandanın, o azarkeşin yanındadı. İlk imkanda tribunada, "Forza Neftçi"nin, "Neftçimania"nın, sadə azarkeşlərin içində görsəz, təəccüb etməyin. Bəzi həmkarlar mənə deyirdi ki, Anar, belə eləmə, bəlkə sabah başqa klubda oldun. Bu mümkündü, mən sabah hansısa başqa klubda çalışa bilərəm, amma ürəyim həmişə "Neftçi" ilə olacaq. İşin peşəkar tərəfi başqa, amma ürəyə əmr vermək olmaz. "Neftçi"dən çıxmamış da, çıxandan sonra da klublardan təklif aldım. Amma getmədim. Televiziyadan da təklif almışdım. Saytlar, qəzetlər də davamlı dostyana, ərkyana və s. deyir ki bizə yaz. İndi sizinlə danışdığım anda da yazırlar, vallah. Amma tam səmimi deyirəm ki, mən dünyada yeganə ruslar demiş, özümü "v svoyey tarelke" hiss etdiyim yer Moskvadı. Bakı da sevimli şəhərimdi. Sadəcə, burda başım daha dinc olur, özümü daha rahat hiss edirəm. Amma istisna etmirəm ki, nə vaxtsa Azərbaycana qayıdacam. İdman jurnalistikasında yox, futbolda çalışacam. Amma mətbuat katibi kimi yox. Sırf futbolla bağlı.

- Kənardan baxıb "oyunlar dönür" demək başqa, klubda çalışıb dönən "oyunlar"ı yaxından görmək başqa. Belə "oyunlar"ın canlı şahidi olmusunuz... Futbolumuzda gedən bu siyasət haqda nə deyə bilərsiniz? İstər AFFA, istər "Neftçi"də dönən "oyunlar"ın pərdəarxasında nə dayanır?

- Əgər hansısa pərdəarxası oyunlar olursa, onu gəlib mətbuat katibi ilə məsləhətləşmirlər. Mətbuat katibinin, ümumiyyətlə mediada işləyənlərin bundan xəbəri olmur. Mətbuatla bağlı adamlardan ehtiyat edirlər. Təsadüfən deyil ki, cəmiyyətdə jurnalistlərin "işverən" imici var. ümumiyyətlə, belə oyunlar olursa, bunu güman edirəm ki, məhdud sayda adam bilir. Amma mən inanmaq istəmirəm ki, "Neftçi" belə "oyunlar"a gedər. Düz 20 il əvvəl "Neftçi" yenə kubokun yarımfinalında "Tofiq Bəhramov"da bərbad hakimliyə görə "Kəpəz"ə uduzdu. Onda da ötən il "Qəbələ" ilə oyundan sonra olduğu kimi "Neftçi" tribunaları, dünyanın ən saf varlıqları olan uşaqlar ağlaya-ağlaya stadionu tərk edirdilər. Onda "Neftçi" azarkeşi olan Rəşad Rafiqoğlu ilə qucaqlaşıb ağlamışdıq. Halbuki, jurnalist belə şey etməməlidi.

Mətbuat konfransında da, "Kəpəz"in baş məqşçisi Mehman Allahberdiyevə sual verdim ki, deyilənə görə bütün oyunçuları, hakimləri alıb çempion olursuz, kubok alırsız? Mehman müəllim də kişi kimi cavab verdi ki, bəli, mən komandamın uğuru üçün hər şey edərəm, amma "Kəpəz" oyun satıb desələr, heç vaxt inanmayın. İndi mən "Neftçi" ilə bağlı eyni sözləri deyə bilərəm. "Neftçi"nin hansısa futbolçusunun, rəhbərinin oyun satması şərəfsizlikdi. Bunu azarkeşlərin bilməsini də istəyirəm ki, futbolçu heç vaxt rəhbərin, prezidentin xəbəri olmadan oyun satmaz. İllah da, "Neftçi" kimi babat müqaviləsi, mükafatı olan klubun futbolçusu. Amma qalan məsələlərə qarışa bilmərəm. Futbolun təmizliyinə inanmaq sadəlövhlük olar, zatən.

- ümumiyyətlə, ölkə çempionatının, kubok oyunlarının və millimizin səviyyəsi barədə nə düşünürsünüz?

- Düşünürəm ki, ölkədə təhsil, səhiyyə, mədəniyyət, siyasət, iqtisadiyyat nə səviyyədədirsə, futbol da o səviyyədədi.

- Qarşıdan avrokubok oyunları gəlir? Hansı komandadan uğurlu nəticə gözləyirsiniz?

- Sırf bugünkü heyətlərə baxsaq, heç birindən. Futbolçu potensialına görə "Neftçi" digər klublardan üstündü. İndi də "Qəbələ"nin liderlərini alırlar ki, bunu çox bəyənirəm, çox məntiqli addımdı. Əvvəla, hamımız tanıyırıq ki, məsələn Stankoviç necə müdafiəçidi, klubun iki dəfə Avropa Liqasında qrupa düşməsində müstəsna xidmətləri var. Mənə görə həm Stankoviç, həm Dabo, həm də Monroz öz mövqelərində Azərbaycanda ən yaxşılardı. Mən həmişə demişəm ki, "Neftçi" yerli oyunçu potensialına görə hamıdan güclüdü, "Qəbələ" isə legionerlərə görə. İndi "Neftçi"də bunun vəhdətini yaradırlar ki, yalnız alqışa, təqdirə layiq işdi. Bu an "Neftçi" "Qarabağ"dan da güclüdü. Heyətdəki bəzi legionerlər və baş məşqçi "Neftçi"lik deyil amma. Bordin, Sansone, Kone getməli və yerlərinə ən azı Stankoviç, Dabo, Monroz kimi legionerlər, Qurban Qurbanov, Roman Qriqorçuk kimi baş məşqçi gəlməlidi. "Neftçi"yə mütləq bir qolçu lazımdı - bombardir, sırf işi qol vurmaq olan biri. Azərbaycanda belə futbolçu yoxdu, gərək xaricdən tapsınlar. 

"Qarabağ" deyirlər artıq belə bir ispan tapıb. Xeyirli olsun. Amma "Qarabağ" heyətini çox ciddi gücləndirməlidi. "Qarabağ"ın legionerlərində də, yerli futbolçularında da artıq çL qrupuna düşəcək komandanın oyunçusu potensialı yoxdu. "Qarabağ"da "Keşlə" kimi bir inqilabi dəyişikliyə ehtiyac var. Bu futbolçularla ciddi uğur gözləməyə dəyməz. 

"Qəbələ"dəki durumu bilirsiz, "Səbail" isə debütantdı. Bu klublar 1 mərhələ keçə bilsə uğur olacaq. "Qarabağ"a olan bütün hörmətimə baxmayaraq məncə, inqilabi dəyişiklər olmasa, komanda heç AL qrupuna düşə bilməyəcək. "Neftçi" isə bu baş məşqçi ilə böyük hədəflərə çətin çata. Amma "Qarabağ" və "Neftçi" Andorra və San Marino klubları ilə düşsələr rahat mərhələ keçərlər. Farer adaları, Lixtenşteyn, Cəbəllütariq, Lüksemburq klublarını da çətinliklə də olsa keçə bilərlər. Amma sonrası çətin olar. Qısası, azarkeşləri üzmək istəmirəm amma inanmıram bu il hansısa klubumuz avrokuboklarda qrupa gedib çıxa.

sport7.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest