Yay transfer dönəminin fəal komandalarından olan "Neftçi" daha bir futbolçusu ilə yollarını ayırmaq üzrədi. Matc.az saytının məlumatına görə, kapitan Ruslan Abışov klubunu dəyişmək fikrinə düşüb.

Zədə ucbatından ötən mövsümü boşa verən 32 yaşlı mərkəz müdafiəçisinin istədiyi qədər oyun şansı əldə etməməsi onu bu fikrə vadar edib. Heyətində Mamadu Mbodj, Kiril Petrov və Anton Krivotsyuk kimi mərkəz müdafiəçiləri olan "ağ-qaralar" son olaraq "Qəbələ"dən Vojislav Stankoviçi də transfer edib.

Bu amil Abışovun əsas heyətə düşmək şansını daha da çətinləşdirir. Əcnəbilərə daha çox bel bağlayan italiyalı baş məşqçi Roberto Bordin yeni mövsümdən Mbodj-Stankoviç tandemindən yararlanmağı planlaşdırır.

Doğrudu, Abışovun "Neftçi" ilə hələ gələn ilin yayına qədər müqaviləsi var. Ancaq futbolçu artıq sərfəli təklif alıb və ayrılmaq niyyətindədi. "Neftçi"nin onun keçidinə mane olmayacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest