Milli komandamızın kapitanı Maksim Medvedev AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Macarıstanla oyundan sonra matc.az saytının əməkdaşının suallarını da cavablandırıb.

- Oyun haqqında nə düşünürsüz?

- Yaxşı hazırlaşmışdıq. Rəqibin oyun stilini bilirdik. Əsas üstünlükləri fiziki cəhətdən güclü olmaları və hündür boylarıdır. Amma bu cür rəqiblərə qarşı nə qədər yaxşı hazırlaşsan da, yenə problem yaşayırsan. çalışırdıq ki, bizə verilən tapşırıqlara əməl edək, amma bəzi şeylər alınırdı, bəzisi isə yox. Məğlubiyyətə görə çox məyusuq. Sabah oyunu analiz edəcəyik, qarşıda Slovakiya ilə oyun var. İnanıram ki, o matçda yaxşı çıxış edəcəyik.

- Bugünkü oyun gələcək üçün nə vəd edir?

- Hər oyun bizim üçün bir imtahandır. Hər qarşılaşmadan sonra çalışırıq ki, səhvlərimizdən dərs çıxaraq. Bəzi xətalar var ki, onları etməməliydik. çünki komandada təcrübəli oyunçular var. Amma məğlub olanda əsəbi futbol oynayırıq və məşqçinin tapşırıqları yaddan çıxır. Ona görə də oyun "sınır" və yenidən bərpa olmaq çətin olur. çalışmalıyıq ki, 90 dəqiqə ərzində eyni səviyyədə mübarizə apara bilək.

- Azarkeşlərə sözünüz varmı?

- Gəldikləri və dəstəklədikləri üçün təşəkkür edirəm. Ekran qarşısında olanlara da minnətdarıq. İstəməzdik ki, belə olsun. Amma futboldan başı çıxan azarkeşlər bilir ki, nə qədər çalışsan da, səviyyə fərqi hiss olunur. Bizim əksər futbolçularımız yerli çempionatda çıxış edir, amma macarlar daha yaxşı və səviyyəli birinciliklərdə oynayırlar. Aramızda "klass" söhbəti var. Amma yenə də sona qədər bizə dəstək olurlar.

- Millimiz Xorvatiyaya qarşı sanki daha yaxşı oynamışdı...

- Xorvatiya ilə oyuna biz "2-ci nömrə" kimi çıxmışdıq. Bilirdik ki, onlara qarşı səfərdə açıq futbol oynamaq mümkün deyil. Təcrübə fərqi var. Amma bu gün çalışdıq ki, başa-baş oynayaq. Standart vəziyyətlərdən elə qollar buraxdıq ki, özümüz özümüzdən inciyirik.

- Bu məğlubiyyət seçmə mərhələdə qarşınıza qoyulmuş hədəflərə çatmaq baxımından nə dərəcədə rol oynayacaq?

- AVRO-2020 şansımız çox azdı. Onsuz da qrupun autsayderi hesab olunuruq. Bu gün iddia eləsək ki, əsas məqsədimiz qitə birinciliyində iştirak eləməkdi, bu, bir az ucadan danışmaq olar. Bizim əsas məqsədimiz qrupumuzdakı komandalara problem yaratmaqdı. Hələ ki, birinci yer uğrunda vuruşmaq gücündə deyilik.

- Bəs yaxşı, nə vaxta qədər məqsədimiz kiməsə problem yaratmaq olacaq? Biz nə vaxt iddialı olacağıq?

- Mənim 30 yaşım var, digər yoldaşların 28-32 yaşı var. Bizdən keçib artıq, ümidimiz odur ki, gənclər çıxıb xaricdə oynasınlar. Bir Mahirimiz var, o da Azərbaycanda qalırsa, çox parlaq gələcəyi olmayacaq. çalışmalıyıq ki, gənclər hamısı xaricdə oynasınlar. Bu gün çempionatımızda 8 komanda var, "Qarabağ"ın, "Qəbələ"nin, "Neftçi"nin yarısı əcnəbidi. Bizim gənclərimiz nə vaxt oynayacaqlar bəs? Ancaq toplanışdan-toplanışa oynayırlar, uduzanda da hamı düşür üstlərinə. Onlar nə vaxt oynayırlar ki? Ya son 15-20 dəqiqədə girirlər, ya da limitə görə bir gənc oyunçu meydana çıxır. Onların da 3-4-ü millidədi. Gənclər xaricdə oynamalıdır ki, yeni qan gəlsin. Qonşularımıza baxaq, məsələn, Gürcüstan, vaxtında düzgün siyasət seçdilər, indi də nəticə əldə edə bilirlər. Bizdə isə 8 komanda var, hamısı təzyiq altında oynayır, gənclərə isə meydanda yer olmur.

- Slovakiya ilə oyundan nə gözləyək?

- Həmin oyun haqqında düşünmək istəmirəm. çox yorğun və əsəbiyəm. Amma istəyirik ki, bundan yaxşı oynayaq, nə dərəcədə alınacaq, onu gələcək göstərəcək. Heyət baxımından, anlaşma baxımından problemlərimiz var. Son 10 oyunun heç 2-də eyni heyət meydanda olmayıb. Tez-tez dəyişikliklər olur, bu da bizə mənfi təsir edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest