"Neftçi" daha bir dəyərinə hörmətsizlik etdi. Azərbaycan tarixinin qəhrəman simalarından olan İsmət Qayıbovun adını Türk Hava Yollarına dəyişən klub rəhbərliyi indi də az qala "ağ-qaralar"ın simasına çevrilmiş bir futbolçu ilə yollarını ayırdı.

Bizdə olan məlumata görə, Abışovun komandadan göndərilməsi qərarını baş məşqçi Roberto Bordin verməyib. İtaliyalı mütəxəssisdən öncə bu təşəbbüsdə klubun prezidenti Kamran Quliyev olub. Səbəb isə çox gülüncdü...

Söz vaxtını çəkər. ötən il bu vaxtlar komandanı zirzəmidən çıxarıb bürünc medal qazandıran Tərlan Əhmədov haqsız yerə istefaya göndəriləndə, Quliyev bəzi nüfuzlu futbolçulardan dəstək istəyib, müsahibələrində təriflənməsini xahiş edib. Əhmədova qarşı haqsızlıq edildiyini görən Ruslanla yanaşı, Emin Mahmudov da komandadan getmək fikrinə düşüb. Hər ikisinin "Qarabağ"a keçmək variantı real idi. Həmin vaxt millinin məskunlaşdığı oteləcən gedib, "komandanı dar gündə qoyub getməyin" kimi sözlərlə Ruslanla Eminin saqqızını oğurlayan rəhbərlik onların komandadan ayrılmaq fikrindən yayındırmağa nail olub...

Bəs sonra nə dəyişdi? Nə baş verdi ki, Ruslan rəhbərliyin qəzəbinə tuş gəldi?

2018-ci ilin dekabrın 1-də "Sabah"la səfər matçında yaşanan qalmaqala görə "Neftçi" bəyanat yayıb, azarkeşlərinə dəstək olmaq əvəzinə onları günahlandırmışdı: "Neftçi" Futbol Klubu olaraq bəyan edirik ki, Premyer Liqanın XIII turu çərçivəsində keçirilən "Sabah" - "Neftçi" oyununda rəqib komandanın rəhbər heyətini və üzvlərini təhqir edən bir neçə şəxs bütün "Neftçi" azarkeşlərini təmsil etmir".

Oyundan sonra polis bölməsinə aparılan həmin azarkeşlər rəhbərlikdən heç bir kömək görməyincə, gecənin bir aləmində Ruslan Abışova zəng ediblər. Kapitan isə əlindən gələnin ən yaxşısını edir və bir neçə gün sonra "Forza "Neftçi" azarkeşləri feysbuk səhifəsi vasitəsilə Ruslana təşəkkürlərini çatdırırlar: Dar məqamda dəstəyini əsirgəməyənləri biz də unutmarıq. Komandamızın kapitanı Ruslan Abışova "sağ ol" deyirik.

Görünən odu ki, azarkeşlərin kapitana minnətdarlığı bəzilərinin xoşuna gəlməyib.

Bir neçə gün sonra "Forza" daha bir paylaşım edir: "Böyük qardaşımız, həm bizim, həm "Neftçi", həm də Azərbaycan tribunasında əvəzsiz xidmətləri olan Sübhan Əliyev dövlət orqanlarına çağırılıb. Guya biz hansısa siyasi işlərə qarışmış, dövlət məmurunu təhqir etmiş, onu istefaya çağırmışıq, eləcə də "Sabah"la oyunda oturacaqları qırmışıq və s.

Hər zaman istər buradan, istərsə də adi insanlarla görüşlərdə öz ideologiyamız haqqında böyük bir qeyd vurğulayırıq. Bu bizim ideologiyamızın yalnız və yalnız "Neftçi" olması, apardığımız mübarizənin, etdiyimiz fədakarlıqların da yalnız və yalnız "Neftçi" üçün olmasıdır. Başqa məsələlər isə bizi maraqlandırmır. Ən azından tribunasından "Ultras no politica" banneri asan azarkeş qrupu necə ola bilər ki, hansısa siyasi işlərə qarışsın? "Forza Neftçi" adi bir klubun yox, Azərbaycanın ən köklü klubu "Neftçi"nin azarkeşidir. Həmin komanda ki, rəhbərliyi öz sosial şəbəkə hesabında bizim şəklimizi örtük şəkli qoyub. Və həmin komanda ki, onun azarkeşi "bandotdel"ə çağırılmamalıdır. Bizim hər hansısa siyasi səhvimiz ola bilməz". 

Bizdə olan fakt budu və "Neftçi" rəhbərliyinin narazılığı varsa, fikirlərini işıqlandırmağa hazırıq. Amma Abışov kimi dəyərli bir insanla şəxsi prinsip aparıb onu komandadan uzaqlaşdırmaq, "Neftçi" kimi peşəkar kluba yaraşmadı...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest