Təxminən 20 ildən çoxdu futbola baxıram. İstər Azərbaycanda, istərsə də dünya futbolunda çox oyunlar izləmişəm, çox məğlubiyyətlər görmüşəm, amma bu zamana kimi hələ bu qədər ruhsuz, hissiyyatsız, maraqsız, məsuliyyətsiz, səhlənkar adamı bir yerdə görməmişdim.

Slovakiya qarşısında meydana çıxanlara adamın milli üzvləri deməyə dili gəlmir. Milli olan, milləti, xalqı, ölkəni təmsil edən insan bu qədər ruhsuz olmamalı, vətəninə, ölkəsinə belə xəyanət etməməli idi.

Bəli, məhz xəyanət! Bunun başqa adı yoxdu. Qollar ard-arda vurulduqca, rəqib sağdan-soldan ürəyi istəyən kimi qapımıza hücum etdikcə, sadəcə, izləməklə kifayətlənən, bacardığından da artığını meydanda qoymaq əvəzinə vaxtı ötürən, gözü hakimin əlində qalan, son fitin verilməsini gözləyən 11 nəfərin etdiklərinə bundan başqa ad tapa bilmirəm.

Slovakiyanın birinci qolunda rəqibin uşaq kimi barmağına dolayıb yanından keçdiyi Qara Qarayev, Riçard Almeyda, Rəşad Eyubov, zərbəyə mane olmaq əvəzində nəzərləri ilə izləyən Bədavi Hüseynov sabah necə "futbolçuyam" deyib, yenidən yaşıl meydanlara çıxacaqlar?

Heç utanmayacaqlar? Ortabab Slovakiyadan 5 qol buraxmış komandanın kapitanı Maksim Medvedev yenə ağıllı-ağıllı gənclərə məsləhət verəcək?

Araz Abdullayev bahalı maşını ilə şəhərin küçələrində şütüyəndə, bu məğlubiyyəti düşünüb bir az xəcalət çəkəcəkmi?

Ağabala Ramazanov, Şəhriyar Rəhimov dost-yoldaşının üzünə necə çıxacaq? "Niyə uduzdunuz" sualına nə deyəcək, necə cavab verəcək?

Rəqibin hər hücumunda ayaqları əsən, topu hara gəldi vuran, 5-ci qolda bir hərəkətlə yerində donan Anton Krivotsyukun gecə yerinə uzananda yuxusu qarışmayacaqmı? Səlahət Ağayev buraxdığı 5 qoldan sonra qapıçı əlcəklərini görəndə nə hiss edəcək?

Mən jurnalist kimi qohum-qardaşın yanında bir müddət futboldan danışmamağa çalışacam. çünki utanıram.

çünki bu cür məğlubiyyətdən sonra Azərbaycan və futbol kəlmələrini yanaşı işlətməyə, birlikdə yazmağa əlim, dilim gəlmir.

Amma inanmıram ki, bizim futbolçular bundan xəcalət çəksinlər. çünki xəcalət çəkən adam 1, 2, 3, cəhənnəm 4-cü qoldan sonra bir az tərpənərdi, bir az cəhd edərdi, bir az məsuliyyət hissi duyardı.

Amma bu komandada, bu 11 nəfərin arasında, oyun sadəcə Ramil Şeydayevin vecinə idi. Sadəcə, Ramil çalışdı, vuruşdu, tək başına nəsə eləməyə çalışdı. Amma 21 nəfərə qarşı təkbaşına heç nə edə bilməzdi.

Yazacaq, deyəcək çox söz var. Amma uzatmaq lazım deyil.

Fikrimi bircə cümlə ilə  yekunlaşdırım:  Ayıb olsun!

 

Zaur XUDİYEV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest