Avrokubokların startına az qalsa da, rəhbərliyin transfer siyasətindən, eləcə də özünə qarşı münasibətdən narazı qalan "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin özünə yeni iş yeri axtarışındadı. İtaliyalı məşqçinin agenti bir neçə klubla təmasdadı və artıq dəqiqdi ki, təklif olarsa, Bordini paytaxt təmsilçisində heç bir qüvvə saxlaya bilməyəcək. İtaliyalı meneceri vasitəsilə mətbuata doğma ölkələrinin aşağı liqalarından təkliflər aldığı haqda uydurma xəbərlər ötürür. Amma hamı bilir ki, Bordin C seriyası səviyyəsində məşqçi deyil, B seriyasının isə adını çəkmək belə gülüş doğurur. "Neftçi"dən sonra bu məşqçin özünə hansısa klubda iş tapa bilsə menecerinə "əhsən" deyiləcək.

Mirabdulla Abbasov da "çemodan" əhval-ruhiyyəsindədi. Əldə etdiyimiz məlumata görə, futbolçu hətta məhkəmə yolu bahasına olsa, "Neftçi"də qalmaq fikrində deyil. Əsas səbəb isə yenə transfer siyasətidi. Mirabdullanın ölkənin ən yaxşısı seçilməsindən sonra belə klub rəhbərliyi və baş məşqçinin Canluka Sansone kimi bərbad transferi əsas hücumçu kimi oynatmağa çalışmasıdı. 

Emin Mahmudovun müqaviləsindəki xaricə gedəcəyi təqdirdə, heç bir kompensasiya ödəməmək kimi bənd olduğundan, baş məşqçi hələ də bilmir ki, Emin növbəti mövsümə "ağ-qara" formada başlayacaq, ya yox. Yadınızdadırsa, qışda Dario Frederiko oxşar bənd sayəsində vacib oyunlardan öncə komandanı atıb, Cənubi Koreyaya üz tutmuşdu.

Kamran Quliyev "Neftçi"yə gəldikdən sonrakı il yarım ərzində Voislav Stankoviçi nəzərə  almasaq, 11 əcnəbi transferi gerçəkləşdirib. Bu futbolçulardan altısı yola salınıb. "Nə yatdılar ki, nə yuxu görsünlər?!" deməyin. Olan klubun sümürülən büdcəsinə oldu. Hazırda komandada olan 6 legionerdən ikisi – Baqali Dabo və Stankoviç isə "Qəbələ" skautlarının zəhmətinin bəhrəsidi. 

Artıq səriştəsizliyini qəbul edib, bütün ölkədə gülüş obyektinə çevrilmək istəməyən "Neftçi" rəhbərliyi açıq-aşkar ölkədaxili bazarda çalışır və növbəti hədəf Stiven Monrozdu. Monrozun keçidi alınmasa, o zaman "Neftçi"dən qaça-qaça gedən Dario Frederiko yenidən "ağ-qara" forma ilə təltif olunacaq.

Kamran bəyin gəlişindən sonra "Sumqayıt"dan transfer olunan və ötən mövsümün sonunda keçmiş komandalarında məhz bu səbəbdən zəif keçirdikləri iddia edilən iki futbolçudan da yalnız biri qalıb. Tural Axundovu isə "Neftçi" səviyyəsində oyunçu olmadığını deyən azarkeşləri sevmir. Amma əsas məsələ odu ki, Quliyev sevir. Bu "sevgi"nin səbəbi isə dəqiqdi ki, Turalın möhtəşəm futbolçu olması deyil, başqa şəxsi maraqlardı.

Kamran müəllimin dövründə kluba gələn digər iki azərbaycanlı futbolçuya görə də "Qəbələ"yə "sağ ol" düşür. Stankoviç kimi, Rauf Əliyevin də komandaya faydalı olub-olmayacağını gələcək göstərəcək. Amma 30 yaşlı Aqil Məmmədov ən azı yaşına görə ötən mövsüm klubun əsas qapıçısı olmuş Rəşad Əzizlidən daha perspektivli deyil. Eyni sözləri onun həmyaşıdı Rauf Əliyev haqda da demək olar. Raufun artıq bir dəfə "Neftçi"də uğursuz təcrübəsi var. Dörd il əvvəl klubda 11 oyun keçirən hücumçu 1 dəfə də olsun qapılara yol tapa bilməmişdi... Buna görə azarkeşlərin qəzəbinə tuş gələn forvard bəlkə ikinci gəlişində qol orucunu poza bildi. Amma Raufun da Mirabdullladan ən azı daha perspektivli olduğunu deyə bilməyəcəyik… 

Sentyabrda 32 yaşını tamamlayacaq Stankoviç də perspektivlilər sırasından çoxdan çıxıb. Amma "Neftçi" rəhbərliyini təbii ki, klubun gələcəyi düşündürmür. Onlar öz vəzifələrinin hayındadı. Avrokuboklarda ötənilki kimi uğursuzluq olsa, bunu artıq Kamran Quliyevə heç kim bağışlanmayacaq. çünki, artıq sponsor və azarkeşlərin səbr limiti çoxdan dolub...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest