"Qarabağ"dan ayrıldıqdan sonra yenidən "Legiya"ya qayıdacağıma ümid edirdim. Bu ehtimal 50 faiz idi. Mən istəyirdim, amma görünür onlar istəmədilər. Müxtəlif yollarla əlaqə qurmağa çalışdım, amma cavab gəlmədi". Matc.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak deyib.

Polşa mətbuatına müsahibə verən Plotsk "Visla"sının yeni transferi sevimli komandası "Legiya"ya dönməməsinin səbəbini açıqlayıb. O, "Visla" rəhbərliyinin münasibətinin qərarına təsir etdiyini vurğulayıb: "Başqa təkliflərim də var idi. Amma "Legiya"da olarkən orda idman direktoru kimi çalışan Marek Yojvyakın təkidi ilə "Visla"nı seçdim. Həm də Plotsk təmsilçisinin münasibəti xoşuma gəldi. Bu üzdən "Visla"nın təklifini qəbul etdim".

32 yaşlı mərkəz müdafiəçisi ölkəmizdə keçirdiyi 2 ili xoş xatirələrlə yada salıb: "Qarabağ"da iki əla il keçirdim. Azərbaycan və orda tanış olduğum insanlar haqda pis söz deyə bilmərəm. Futbolu heç də zəif deyil. İki dəfə Azərbaycan çempionu olduq, çempionlar Liqasının və Avropa Liqasının qrupunda mübarizə apardıq. Orda hər şey gözlədiyimdən də yaxşı oldu. Yeni mədəniyyəti və gözəl Bakını tanıdım. Polşadakıların düşüncəsini dəyişdim. çoxları oranın üçüncü dünya olduğunu düşünürdü. Ancaq reallıq fərqli mənzərəni üzə çıxardı, Azərbaycanda hər şey yaxşı idi. Hətta fərqli dinlərə inanc da narahatlıq vermirdi, insanlar əcnəbilərə qarşı mülayimdilər. Baş məşqçimiz qatı müsəlman idi. Amma bəzən müəyyən şeylərə göz yumurdu. Orda özümü əla hiss edirdim".

Jezniçak "Qarabağ"da ehtiyatda qalmasına da aydınlıq gətirib: "Əslində, "Qarabağ"da qalmaq istəyirdim. Orda yalnız mövsüm başa çatdıqdan sonra kimə yeni müqavilə təklif ediləcəyi bilinir. Bir il əvvəlki vəziyyət təkrarlandığı üçün mənfi qərar gözləyirdim. Mövsümün əvvəlində daha çox oynayırdım, amma qış fasiləsindən sonra fərqli oldu. Bu da limitlə bağlı idi. Məsələn, meydanda mütləq bir nəfər 21 yaşadək oyunçu olmalıdı. Baş məşqçi əcnəbilərin hücum gücündən daha çox yararlanmaq istəyir. "Qarabağ"ın da hücumu güclü idi. Bu səbəbdən mövsümün ikinci yarısında müdafiədə əsasən yerlilər, hücumda isə əcnəbilər çıxış etdi. Onlar mənim yerimə heç kimi gətirməyəcəklər. çünki 3 yerli müdafiəçiləri var. Ancaq yenə də mənimlə bağlı yaxşı təəssürat yarandı. Mövsümün sonunda "Neftçi"nin baş məşqçisi Roberto Bordin mənim haqqımda soruşub. Ancaq klubun sahibi buna etiraz edib, ikinci yeri tutduqları üçün "Qarabağ"dan heç kimi almayacaqlarını bildirib. Orda keçirdiyim iki il məni xeyli sakitləşdirdi".

Polşa millisinin sabiq üzvü bir ara karyerasını bitirmək düşüncəsində olduğunu da etiraf edib: "Azərbaycandan ayrıldığım xəbəri yayılan kimi, bir neçə təklif aldım. "Visla" mayın sonunda təklif göndərdi. Müəyyən tərəddüdlərim var idi. çünki başqa ölkələrdən də təkliflər almışdım. Avstraliyadan belə, dəvət oldu. Hətta karyeramı bitirmək barədə də düşünürdüm. Ancaq sonda "Visla"ya üstünlük verdim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest