Klublarımızda oynayan ən yaxşı oyunçuları gətirməklə "Neftçi" riskə əlyeri qoymur, potensialına bələd olduqlarımızla "açıq kartla oynayır".

"Neftçi" yeni mövsümün heyətini yavaş-yavaş formalaşdırır. Transferlər bir-bir açıqlanır, təqdim olunur. Qayıdanlar, ölkə daxilində klub dəyişənlər "ağ-qara" forma geyir.

Doğrusu, bakılıların siyasətinin tam doğru olduğunu yaza bilməyəcəm. Məncə, gələcəyin komandası, ardıcıl uğurlar qazanmaq istəyən kollektiv bu qədər qoca olmamalıdı. üstəlik, azarkeşləri həyəcanlandıracaq keçidlər də yoxdu. Hamısı tanış simalar, bacarığını bələd olduqlarımızdı. Bu futbolçuların "Qarabağ"ın hegemonluğuna son qoymaq ehtimalı çox deyil.

Petru Raku, Slavko Braliç, Kvame Karikari, Qoran Paratski, Canluka Sansone transferləri göstərdi ki, Bakı klubunda seleksiya xidmətinin işi qənaətbəxş deyil. Soni Mustivar və Mamadu Mbodj kimi əks nümunələr də var. Lakin uğursuz əcnəbi transferləri daha çoxdu və buna görə idman direktoru Ceyhun Sultanov diqqətli olmalıdı. özünü doğrultmayan hər futbolçuya 2-3 aylıq maaşı dəyərində kompensasiya verib, yola salmaq vəziyyətdən çıxış yolu deyil. Bu, büdcəni israf etməkdi.

Yəqin buna görədi ki, "Neftçi" indi daha çox hamının tanıdığı futbolçuların transferinə üstünlük verir. Ya Sultanovun seçimlərinə etibar edilmir, ya da bütünlüklə klubun strategiyası belə qurulub. İnsafən, Baqali Dabonun ümidi doğrultmasından, Premyer Liqanın 2-ci ən yaxşı bombardiri olmasından sonra bu yolun bəlkə də ən yaxşısı olduğunu düşünürsən. Klublarımızda oynayan ən yaxşı oyunçuları gətirməklə "Neftçi" riskə əlyeri qoymur, potensialına bələd olduqlarımızla "açıq kartla oynayır".

Vojislav Stankoviç "Qəbələ"də özünü sübut etmiş biridi. Lakin o da var ki, serb artıq xeyli yaşlaşıb. Bəlkə də mərkəz müdafiəçisi üçün təcrübə önəmlidi, amma son illər eniş qrafiki cızan birindən danışırıq. Həm "Qəbələ", həm də müdafiəçi Roman Qriqorçukun vaxtındakı kimi parlaq oynamırdı. ümid edək, "Neftçi"nin ümumi oyun səviyyəsi serbin də toparlanmasında rol oynayacaq.

Rauf Əliyev bir dəfə qovulduğu "Neftçi"yə böyük ümidlərlə gəlib. Əvvəlki formasından uzaq olsa da, xarakteri ilə Roberto Bordinin sevimlisinə çevrilə bilər. Sansonedən yaxşı olacağı ehtimalı böyükdü, ancaq o, "Neftçi"ni qələbələrə daşıyacaq forvarddımı?

Stiven Monroz da qapıdadı. Onun transferi xeyli yubansa da, fransız gəlişi ilə bakılıların əla hücum oyunçuları olacağını deyə bilərik. Dabonu, Platellası, yeni müqavilə bağlanan Dario Federikonu, hələ heyətdə olan Mirabdulla Abbasovu da siyahıya əlavə edin və fərqi görün. Amma "Neftçi"nin orta xətti güclənməlidi. Zədəli olduğu üçün azı bir ayı boşa verəcək Mustivarla yanaşı oynayacaq daha birinə ehtiyac var. Eyni zamanda avrokubok üçün müdafiənin cinahları da güclənməlidi.

"Qəbələ"ni Bakıya köçürən "Neftçi"nin hələlik ən qəribə addımı Darionu geri qaytarmasıdı. "Ceyhun Sultanov xaraktersiz adamdı" deyən Federikonun Cənubi Koreyada ağıllandığına əmin deyiləm. Pula görə lider komandanı atıb gedən birinə növbəti dəfə qucaq açılmamalıydı. Doğrusu, onun qışda yenə belə etməyəcəyinə əmin deyiləm. Sultanov onun müqaviləsinə kompensasiya ilə bağlı bənd salanda ehtiyatlı olmalıdı.

Adları sadaladıq və sürpriz soyada rast gəlmədik. Halbuki Ceyhin bəy ilboyu bütün Avropanı gəzib, yeni futbolçulara baxıb. Ya onların qiyməti bahadı, ya da idman direktoru risk etmək istəməyib. Hər nədisə bu, arzulanan "Neftçi" deyil, 2-3 üst səviyyəli futbolçunu gətirməyə "Neftçi"nin büdcəsi imkan verməlidi. Bu heyət Premyer Liqada çempionluq mübarizəsi aparmağa şərait yaradacaq, lakin Avropa Liqasıyla bağlı nikbin danışmaq olmur.

futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest