çempionlar Liqasının 2018/19 mövsümünə I təsnifat mərhələsindən start verəcək "Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə düşüb. Matc.az saytının məlumatına görə, UEFA sabahkı püşkatma öncəsi ağdamlıların qarşılaşa biləcəyi komandaları açıqlayıb.

Bunlar "Valetta" (Malta), "Sarayevo" (Bosniya və Hersoqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Saburtalo" (Gürcüstan) klublarıdır.

Siyahıdakı 5 komandadan biri – "Valetta" Qurban Qurbanovun komandası üçün tanış rəqibdir. Belə ki, Ağdam klubu ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldiyi 2014/15 mövsümünə məhz maltalılarla start vermişdi. Belə ki, sözügedən mövsüm çL-yə II təsnifat mərhələsindən başlamış təmsilçimiz ilk oyununda "Valetta" ilə qarşılaşmış, rəqibini hər iki oyunda məğlub edərək (4:0, 1:0) III təsnifat mərhələsinə yüksəlmişdi. Bu raundda "Zalsburq"a məğlub olduqdan sonra (2:1, 0:2) çıxışını Avroliqanın pley-off mərhələsində davam etdirən "Qarabağ" "Tvente"ni yolundan kənarlaşdıraraq (0:0, 1:1) tarixində ilk dəfə qrup mərhələsinə yüksəlmişdi.

Əsası 1943-cü ildə qoyulmuş "Valetta" Maltanın eyniadlı şəhərini təmsil edir. Klub ev oyunlarını 17 minlik "Ta Qali" stadionunda keçirən komanda Malta Premyer Liqasına mübarizə aparır. Son mövsümü çempion kimi tamamlayan sözügedən kollektiv ümumilikdə 25 dəfə bu sevinci yaşayıb. "Valetta" 14 dəfə ölkə kubokunun, 12 dəfə isə Malta Super Kubokunun qalibi olub.

Avropa miqyaslı yarışlarda ümumilikdə 94 oyun keçirmiş "Valetta" (çK/çL – 42, KK – 14, UK/AL – 34, İntertoto – 4) bunlardan 13-də qələbə qazanıb, 15 oyunda bərabərlik əldə edib, 66 oyunda isə məğlubiyyətə üzülüb. Komandanın qol saldosu ilə -170-ə bərabərdir.

"Valetta"ya ötən ay Darren Abdilla baş məşqçi təyin olunub.

Bosniya və Hersoqovina təmsilçisi "Sarayevo" 1946-cı ildə təsis olunub. Yuqoslaviya Birinci Liqasında iki dəfə çempionluq əldə etmiş komanda müstəqillikdən sonra isə 4 dəfə Bosniya və Hersoqovinanın ən güclüsü adına yiyələnib. Komanda ev oyunlarını 34 minlik "Asim Ferhatoviç Hase Stadium"da keçirir. 2017-ci ildən Hüsrev Musemiçin rəhbərlik etdiyi kolektiv son ölkə çempionudur. Maraqlıdır ki, "Sarayevo"nun qadın futbolu şöbəsi də fəaliyyət göstərir.

Potensial rəqiblərdən üçüncüsü – "Sutyeska" 1927-ci ildə yaradılıb. Nikşiç şəhərini təmsil edən komanda daha çox 1945-ci ildən sonra tanınmağa başlayıb. Keçmiş Yuqoslaviya birinciliyində ciddi uğurları olmayan kollektiv 2006-cı ildə Monteneqro müstəqil olduqdan sonra 4 dəfə bu ölkənin ən güclüsü olmağı bacarıb. Ev oyunlarını Nikişanın "Kray Bistirca" stadionunda keçirən komandaya Nikola Rakoyeviç baş məşqçilik edir.

Avrokuboklarda ümumilikdə 14 oyun keçirən "Sutyeska" (çL – 4, AL – 6, İntertoto – 4) bunlardan 2-də qələbə qazanıb. 5 oyunda qalib müəyyənləşməyibsə, daha 7 oyunda rəqiblər qələbəyə sevinib. Top fərqi də ürəkaçan deyil – 10:22.

Albaniyanın sonuncu çempionu "Partizani" "Qarabağ"la qarşılaşmasa da digər klublarımızla bir neçə dəfə yoldaşlıq oyunlarında üz-üzə gəlib. 1946-cı ildə yaradılmış klub paytaxt Tirananı təmsil edir. Ev oyunlarını 9500 yerlik "Selman Stermasi Stadium"da keçirən "ordu klubu" 16 dəfə Albaniya Super Liqasının qalibi olub. Komandanı italiyalı Franko Lerda çalışdırır. 2014-cü ildə Antlayda yoldaşlıq oyununda "Neftçi" ilə qarşılaşmış "Partizani" 0:2 məğlub olmuş, 2017-ci ildə eyni şəhərdəki digər oyunda "Qəbələ"yə 2:1 hesabı qalib gəlib.

"Qarabağ"ın potensial rəqibləri arasındakı ən gənci "Saburtalo"dur. Qonşu Gürcüstanı təmsil edən paytaxt klubu 1999-cu ildə yaradılıb. 2015/16 mövsümündən etibarən elitada çıxış edən klub başa çatan futbol ilində ilk çempionluğunu qazanıb. Komandaya Giorgi çiabrişvili baş məşqçilik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest