"Ayaks"ın kapitanı Matteys de Liqt "Yuventus"la anlaşıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 19 yaşlı müdafiəçi tezliklə "qoca sinyora"nın oyunçusu kimi təqdim ediləcək.

Razılığa əsasən, mərkəz müdafiəçisinin illik maaşı bonuslarla birlikdə 12 milyon avro olacaq. "Yuve" indi "Ayaks"la ortaq məxrəcə gəlməyə çalışır. Bu transferin hollandlara 75 milyon avro qazandırması gözlənilir.

Maraqlıdı ki, de Liqt "Yuventus"la ilkin razılıq əldə etdikdən sonra Turin klubunun hücumçusu Kriştianu Ronaldonun ünvanına tərif yağdırıb. O, uşaqlıqdan portuqaliyalıya pərəstiş etdiyini deyib: "Uşaq vaxtı məhəllədə futbol oynayanda özümü Kriştianu Ronaldoya bənzədirdim. Həmin vaxt o, "Mançester Yunayted"də çıxış edirdi. Mənim ilk formamın arxasında da onun adı yazılmışdı".

Qeyd edək ki, Matteys de Liqt ötən mövsüm bütün turnirlərdə 55 matçda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest