Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Matc.az saytının məlumatına görə, bu gün yunan-Roma güləşçiləri mübarizəyə start veriblər.

Azərbaycanı ilk olaraq iki çəki dərəcəsində güləşçilər təmsil ediblər.

Hər iki təmsilçimiz yarışa 1/8 finaldan start verib. Təəssüf ki, hər iki güləşçimiz ilk görüşdəcə məğlub olub.

 

Minsk-2019

Yunan-Roma güləşi

60 kq

Bu çəkidəki təmsilçimiz Sakit Quliyev yarışa uğursuz start götürüb. O, xorvatiyalı İvan Lizatoviçə 0:4 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

67 kq

Kərim Cəfərov da komanda yoldaşının uğursuzluğunu təkrarlayıb. O, Norveç təmsilçisi Haavard Yorgensenlə bacarmayıb - 1:4. Yorgensen növbəti mərhələdə uduzduğundan, Cəfərov üçün da mübarizə erkən bitib.

 

Bundan əlavə, ötən gün yarışa start verən xanım güləşçilərimiz medal qazanmaq üçün döşək üzərinə çıxıblar. Onlardan Stadnik qızıl, Qəmbərova gümüş medal qazanıb. 

Qadın güləşi

50 kq

Komandamızın lideri Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, polşalı Anna Lukasiakı döşək üzərinə çıxmağına peşman edib - 10:0. Stadnik yarımfinalda Evin Dəmirhanla (Türkiyə) güləşib. Türk rəqibini mübarizədən kənarlaşdıran Mariya finala adlayıb. Qızıl yolunda onun son rəqibi ukraynalı Oksana Livaç olub. 7:1 hesablı qələbə qazanan Mariya Oyunların qızıl medalına sahib çıxıb.

57 kq

Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finaldan başladığı Oyunlarda ilk rəqibi Ramona Qalambos (Macarıstan) üzərində çətinlik çəkməyib - 10:0. Lakin güləşçimiz 1/4 finalda bolqar rəqibi Mimi Xristova ilə bacarmayıb (0:6). Amma rəqibi finala yüksəldiyi üçün Alyona üçün "bürünc" medal şansı yaranıb. Bunun üçün ilk olaraq təsəlliverici görüşə çıxan idmançımız italiyalı Franseska İndelikatoya aman verməyib (12:1). Kolesnik bürünc medal uğrunda görüşdə türkiyəli Bediha Günlə güləşəcək.

62 kq

Elmira Qəmbərova da ilk görüşünü 1/8 finalda keçirib. Luzi Manke (Almaniya) təmsilçimiz önündə tab gətirə bilməyib. Rəqibini 4:0 hesabı ilə üstələyən Qəmbərovanın 1/4 finaldakı qurbanı isə Katarzina Madrovska olub. Polşalı rəqibinə 9:0 hesabı ilə qalib gələn Qəmbərovanın final yolundakı son maneəsi Krişta İnçze (Rumıniya) olub. Rəqibindən üstün olan Elmira finalda finalda Yuliya Tkaçla üz-üzə gəlib.  Daha fəal güləşən rəqib idmançı qələbə qazanaraq qızıl, idmançımız isə gümüş medala sahib olub.


76 kq

Səbirə Əliyeva da yarışa uğurlu start götürüb. O, yunanıstanlı Aykaterinierini Pitsiavaya göz açmaq imkanı verməyib - 9:0. 1/4 finaldakı rəqib Georgina Neltorp (Böyük Britaniya) da idmançımızla bacarmayıb. Bu dəfə hesab 8:2 olub. Əliyeva yarımfinalda almaniyalı Frensi Rideltlə qarşılaşıb. Məğlub olan Səbirə şansını bürünc medal uğrunda sınayacaq. Onun rəqibi İselin Solheym (Norveç) olub. Amma idmançımız bu dəfə də xalçadan məğlub ayrılıb.

Qeyd edək ki, bu günə qədər güləş millimiz 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest