"Qarabağ"a gəldiyim üçün çox xoşbəxtəm, klubun hədəflərindən xəbərim var və əsas məqsədim çempionlar Liqasının qrupuna gedən yolda komandama kömək etməkdi". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Ailton Silva deyib.

Ağdam təmsilçisinin "Ştutqart"dan icarəyə götürdüyü braziliyalı sol cinah müdafiəçisi klubun rəsmi saytına açıqlamasında keçidi haqda fikirlərini bildirib: "Vaxtilə Azərbaycanda oynamışam, o zaman "Qarabağ"la danışıqlar olmuşdu, çox təəssüf ki, yarımçıq qaldı. Həmişə fikirləşirdim ki, Azərbaycana qayıtsam, yalnız "Qarabağ"da oynayacam. "Qarabağ"la avrokuboklarda oynamaq şansı daha çoxdu və daha çox diqqət mərkəzində olursan".

Ailton Azərbaycan çempionunun oyun tərzi və rəqabətdən danışıb: "Qarabağ"ın hücum, baxımlı futbol oynadığını bilirəm, komandanın daha çox topa sahib olması xoşuma gəlir. Komandanın oyunlarını izləyirdim. Cinah müdafiəçiləri hücumlarda müntəzəm iştirak edir. Burda əlimdən gələni edəcəm ki, ötürməm və qollarımla komandama kömək edim. Bura ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm. Məşqlərdə var gücümlə çalışacam ki, oyunlarda verilən şanslardan maksimum istifadə edib əsas heyətin üzvünə çevrilim".

Cinah müdafiəçisi ən qısa zamanda tam hazır olmaq üçün əlindən gələni edəcəyini söyləyib: "Komanda yoldaşlarımın hansı fiziki durumda olduğunu deyə bilmərəm, mən son iki həftədi "Ştutqart"la məşqdə iştirak edirdim. Düzdü, hələ tam hazır deyiləm və ancaq qısa zamanda tam hazır olacağıma ümid edirəm. Avrokuboklarda ilk oyunu cəza səbəbindən buraxacağıma görə çox məyusam. İstərdim ki, ilk oyundan məşqçinin ixtiyarında olum, amma nə etmək olar? Cavab oyununda meydanda olmaq üçün çalışacam".

Braziliyalı komandaya ən qısa zamanda uyğunlaşacağını dilə gətirib: "Azarkeşlər komanda üçün meydanda hər şeyini ortaya qoyacaq, avrokuboklarda uğur qazanmaq üçün əlindən gələni edəcək bir Ailton görəcək. Avrokuboklarla yanaşı, həm ölkə çempionatında, həm də kubokda da uğurlu nəticələr qazanamaq istəyirəm. özümü tam bu uğurlara kökləmişəm. Komandaya gəlməmişdən əvvəl Riçard Almeydayla danışdım, o, burda gözəl ab-havanın olduğunu bildirdi. Komandada 3 ispaniyalı və braziliyalı olması oxşar dil baxımından tez uyğunlaşmağıma kömək edəcək. Bununla yanaşı, Araz Abdullayev və Rahil Məmmədovla birlikdə oynamışam. ümid edirəm ki, komandama ən qısa zamanda adaptasiya olacam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest