Növbəti mövsümə Türkiyədə hazırlaşan "Qəbələ" sabah yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışında ilk sınağına çıxacaq.
 
Sənan Qurbanovun çalışdırdığı komanda qonşu ölkədəki toplanışın 4-cü günündə Ukraynanın "Mariupol" klubu ilə qarşılaşacaq. Görüş Hendek Atatürk stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 18:30-da veriləcək.
 
Əsası 1960-cı ildə qoyulan Mariupol şəhərinin eyniadlı təmsilçisi 59 illik tarixi ərzində dəfələrlə adını dəyişib. "Azovstal", "Azovets", "Metallurq", "Lokomotiv", "Novator", "İliçevets" kimi çıxış edən klub iki il öncə "Mariupol" adını alıb. Uzun illər SSRİ və Ukraynanın aşağı liqalarında mübarizə aparan komanda 1997/98 mövsümündə yüksək dəstədə debüt edib. Həmin vaxtdan fasilələrlə Premyer Liqada mübarizə aparan mariupollular 2001/02, 2005/06 və 2018/19 mövsümlərində ən yaxşı nəticəsinə imza ataraq 4-cü yeri tutub. 2000/01, 2005/06 və 2017/18 mövsümlərində Ukrayna kubokunda yarımfinala yüksələn "Mariupol" bu turnirdə daha böyük uğur qazana bilməyib. Avrokuboklarda iki mövsüm keçirən ukraynalılar bu yay yenidən UEFA Avropa Liqasında mübarizə aparacaq. Mariupol təmsilçisi yarışa 3-cü təsnifat mərhələsindən başlayacaq.
 
Yoxlama oyunu
7 iyul
 
18:30. Qəbələ - Mariupol
Hendek Atatürk stadionu
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest