"Keşlə"nin sabiq baş direktoru Rəmiş Malıyevin matc.az saytına müsahibəsi

- Bizdə olan məlumata görə, "Keşlə"dən ayrılmısınız. Bu, nə dərəcədə doğrudu?

- Bəli, "Keşlə"dən ayrılmışam. Artıq orda çalışmıram.

- Uzun illər AFFA-da fəaliyyət göstərmisiniz. Bu qurumun da sizi qaytarmaq niyyəti yoxdu?

- 2017-ci ilin iyul ayında AFFA-dan ayrılmışam. Bu ilin isə iyun ayının 1-dən "Keşlə"də çalışmıram.

- Ayrılmağınıza səbəb nə oldu?

- Könüllü şəkildə ayrılmışam. Elə bir problem yoxdu. 11 il futbol təsərrüfatında işlədim. Artıq ayrılmaq qərarına gəldim.

- Yayılan məlumata görə, futboldan könüllü ayrılmamısınız, sizi bu sahədən uzaqlaşdırıblar...

- Belə xəbərlərə münasibət bildirmək istəmirəm. 11 il futbol təsərrüfatında işlədim. Düşünürəm ki, bu müddət kifayətdi. Belə xəbərlər həmişə yayılır.

- Dediyiniz kimi, 11 ildi bu sahədəsiniz. İndi ayrılmaqla bu qədər əziyyəti puç etmədiniz?

- Belə düşünmürəm. Bu gün burdasansa, sabah başqa yerdə ola bilərsən. Orda həmişəlik qalmalı deyiləm ki. Onsuz da, futbola başqa sahədən gəlmişdim.

- "Keşlə"nin prezidenti Zaur Axundovla və ya AFFA rəhbərliyi ilə aranızda hansısa narazılıq yaranmayıb?

- Xeyr, heç bir narazılıq olmayıb. Zaur müəllimlə münasibətim çox yaxşıdı. Onlar mənim rəhbərlərim olub.

- 2008-ci ildə fəaliyyətə başladığınız futbol sahəsində vəzifənizin get-gedə artdığı bir vaxtda ayrılmağınız qəribə gəldi...

- Burda qeyri-adi bir şey yoxdu, normal prosesdi. 11 il ərzində mənə etimad göstərən rəhbərlərimə təşəkkürümü bildirirəm. AFFA-da əsasən hüquqi işlərlə məşğul olmuşam. 2017-ci ildə assosiasiya məni "Keşlə" klubuna ezam etdi. Orda da Zaur Axundovun rəhbərliyi altında çalışdım. Onunla birgə işləmək mənə xoş idi. Ayrılmağımla bağlı istənilən halda söz-söhbətlər olacaq. Ən azı mənim alnım açıq, üzüm ağdı.

- Bundan sonra hansı peşə ilə məşğul olacaqsınız?

- Bu məsələyə hələ baxacağıq. Ola bilsin hüquqşünas kimi davam etdim. çünki ixtisasım da hüquqşünasdı.

- Hansısa klubdan təklif alsanız, futbola qayıdarsınızmı?

- Bilirsiniz, futbol sahəsi bizdə elə böyük təsərrüfat deyil ki, hansısa imkanlar, şanslar olsun. Kiçik təsərrüfatdı. Digər tərəfdən indi futbolda işləmək ağırdı. Futbolun qızıl dövrü artıq bitib, hazırda ağır dövrdü. Xüsusən də, klublarda iş kənardan göründüyü qədər asan deyil. Düzü, bu dəqiqə futbola qayıdıb-qayıtmamaq barədə düşünmürəm. Nə olmalıdısa, o da yaşanacaq.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest