"Bu gün günahkar axtarmırıq. Sadəcə olaraq, səbəbləri deməliyəm. Oyunçularımızın fiziki durumu lazımı səviyyədə deyil. Yorulduqdan sonra konsentrasiya itməyə başlayır. Bu gün rəqib daha hazırlıqlı idi".

"Rəqibin gücünün şahidi olduq. Azarkeşlər üçün maraqlı oyun alındı". Matc.az saytının məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Avropa Liqasının I təsnifat mərhələsində "Universitatya Krayova"nı qəbul edən paytaxt klubu ilk görüşdən 2:3 hesablı məğlubiyyətlə ayrılıb.

Oyunsonrası mətbuat konfransında Hacıyevin məğlubiyyət şərhi belə olub: "Rəqib həm daha keyfiyyətli futbolçulara malikdi, həm də komplektləşmə bizdəki kimi deyil. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Sadəcə olaraq, rəqib futbolçuların fərdi ustalığı öz sözünü dedi".

Baş məşqçi deyib ki, komandanın hazırlıq səviyyəsinin istənilən şəkildə olmamasında nə rəhbərliyin, nə də məşqçilərin səhvi var: "Bu gün günahkar axtarmırıq. Sadəcə olaraq, səbəbləri deməliyəm. Oyunçularımızın fiziki durumu lazımı səviyyədə deyil. Yorulduqdan sonra konsentrasiya itməyə başlayır. Bu gün rəqib daha hazırlıqlı idi. "Səbail" gənc klubdu və stabil büdcəyə malikdi. Ancaq gələcəkdə büdcə artsa, daha yüksək səviyyəli oyunçular götürə bilərik. Demirəm ki, əlimizdə olanlar keyfiyyətsizdi. Sadəcə, heyəti daha da gücləndirə bilərik. İndi Mirabdulla Abbasovdan heç nə gözləmirik. Komandaya gec qoşulub. Hazırda onunla rəqabət aparacaq futbolçu yoxdu. Bu, problemdi. İstərdik ki, bəzi mövqelərdə rəqabəti artıraq".

Hacıyevin sözlərinə görə, "Səbail"in cavab matçında geridönüş etməsi çətin olacaq: "Oyuna müdaxilə etməkdə gecikdiyimizi düşünmürəm. İki və üçüncü qol ard-arda gəldi. Ağabala Ramazanova çempionatda da hücumda şans vermişik. Bu gün pis alınmadı. Amma rəqib topa sahib olmaq baxımından üstün idi. Futbolçularımız bilməlidilər ki, səfərdə çətin olacaq. Cavab matçında geridönüş etməyimiz çətin görünür. Səfərdə planımız gerçəkləşərsə, 2:0 hesabı ilə qalib gələ bilərik. Amma yenə də deyirəm ki, bu, çətin məsələdi. Bu gün "Səbail" ilə "Universitatya Krayova"nı müqayisə etmək hələ tezdi. Ancaq bu məqam bizi ruhdan salmır. Sürpriz hər zaman mümkündü".

Hacıyev yarımmüdafiəçi Maykl Essyenin çıxışına da münasibət bildirib: "Bu gün Essyenin "çelsi"də, "Real"da oynayan vaxtı deyil. O, iki ay yarım əvvəl komandamıza gəlib. Bundan öncə isə il yarım futbol oynamayıb. Essyenə görə kiminsə bizi varlı klub qismində qələmə verməsi normaldı. Ancaq reallıq fərqlidi. Essyenin hansı vəziyyətdə olmasını biz yaxşı bilirik".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest