Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti və ölkənin Taekvondo Federasiyasının prezidenti Slavi Binev Sofiyada qətlə yetirilib. Matc.az saytının “Associated Press” agentliyinə istinadən məlumatına görə, 60 yaşlı idman funksioneri oktyabrın 24-də paytaxtın Pavlovo rayonundakı evində güllələnib.

Polisə hadisə barədə məlumat səhər saatlarında daxil olub və hadisə yerinə gələn tibbi heyət onun ölümünü təsdiqləyib.

Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibi Lyubomir Nikolovun açıqlamasına görə, hadisə ilə əlaqədar üç şübhəli Sofiyadan kənarda, “Trakiya” avtomobil yolunda saxlanılıb. Saxlanılanlardan ikisinin Türkiyə vətəndaşı olduğu, üçüncü şəxsin isə Bolqarıstan şəxsiyyət vəsiqəsi daşıdığı bildirilir.

Polis onların üzərində iki silah aşkarlayıb. İlkin məlumatlara görə, şübhəlilərlə Binev bir-birini tanıyıb və hadisənin mümkün səbəblərindən biri həll olunmamış maliyyə mübahisəsidir. Bununla belə, hüquq-mühafizə orqanları qətlin motivi barədə yekun nəticə açıqlamayıb və istintaq davam edir.

Slavi Binev taekvondo üzrə uğurlu idmançı karyerasından sonra siyasətə keçib, Bolqarıstan parlamentində və Avropa Parlamentində fəaliyyət göstərib. O, ölkənin Taekvondo Federasiyasına rəhbərlik etməklə yanaşı, Avropa Taekvondo İttifaqının vitse-prezidenti vəzifəsini də tutub.

Hadisə Bolqarıstanın idman ictimaiyyətində ciddi rezonans doğurub. Hazırda istintaqın əsas diqqəti qətlin şəraitinin, şübhəlilərin hadisədə rolunun və mümkün motivin müəyyənləşdirilməsinə yönəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest