Bu sözləri "Neftçi"nin kapitanı Rza Cəfərov Misli Premyer Liqasının 18-ci turunda "Turan Tovuz"a qarşı keçirilən oyundan (1:1) sonra deyib.

"Bilirdik ki, bizi çətin oyun gözləyir. "Turan Tovuz" kifayət qədər güclü komandadır. Üstəlik, evdə, öz azarkeşləri önündə oynayırdı. Biz də meydana vuruşmaq, qələbə qazanmaq üçün çıxmışdıq. Qalib gəlmək istəyirdik. Təəssüf ki, belə alındı". 

Bu sözləri "Neftçi"nin kapitanı Rza Cəfərov Misli Premyer Liqasının 18-ci turunda "Turan Tovuz"a qarşı keçirilən oyundan (1:1) sonra deyib. 

O, qış fasiləsindən sonra toparlanacaqlarını bildirib: "Turnir cədvəlində vəziyyətimiz ürəkaçan deyil. Amma son turlar vəziyyət yaxşıya doğru gedir. İnanıram ki, fasilədən sonra toparlanıb daha yaxşı çıxış edəcəyik". 

21 yaşlı qolkiper qeyd edib ki, Samir Abasov komandaya özünəinamı qaytarmaq istəyir: "Mövsümə uğursuz başladıq. Ardıcıl məğlubiyyətlər, xal itkiləri komandaya psixoloji cəhətdən mənfi təsir göstərdi. Bunun üçün də ilk növbədə özünəinamı qaytarmaq lazımdır. Samir müəllim də məhz bunun üçün çalışır". 

R. Cəfərov fasilədə heyətdə dəyişiklik olacağını vurğulayıb: "Fasilə zamanı heyətdə dəyişikliklər olacağını düşünürəm. Yəqin ki, həm gedənlər olacaq, həm də gələnlər. Vuruşmaq lazımdır. Mövsümün ikinci yarısında daha yaxşı çıxış etməliyik. İnanıram ki, bu vəziyyətdən çıxacağıq". 

"Neftçi"nin kapitanı sonda azarkeşlərə səslənib: "Hazırkı vəziyyət heç birimizi qane etmir. Birlikdə bütün çətinlikləri geridə qoyacağıq. Azarkeşlər daim yanımızdadırlar. Onların dəstəyini hər zaman hiss edirik. Mövsümün ikinci yarısında onları daha çox sevindirəcəyik". 

(Qol.az)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest