"Neftçi"nin futbolçusu Edvin Kuç klubun rəsmi televiziyasına müsahibə verib.
"Neftçi"nin futbolçusu Edvin Kuç klubun rəsmi televiziyasına müsahibə verib.
Matc.az xəbər verir ki, 31 yaşlı monteneqrolu yarımmüdafiəçi klubu, baş məşqçi Samir Abasov və ölkəmiz haqqında fikirlərini bölüşüb:
"Ümid edirəm ki, biz tezliklə uğurlu dönəmə başlayacağıq. Azərbaycanda və Avropada "Neftçi" ilə nailiyyətlər əldə etmək niyyətindəyəm. Hədəflərimiz yüksəkdir. Bu komanda ilə titullar qazanmaq istəyirəm. Ümid edirəm ki, bunlara çatacağıq.
Hər mütəxəssisin öz planı və ideyaları var. Amma Samir Abasov maraqlı baş məşqçidir. Onun futbol biliyi və enerjisi çoxdur. Futbolçu olduğu dönəmdə də "Neftçi"də oynayıb. Klubu, oyunçuları tanıyır. Bu da titul qazanmaq üçün vacibdir. Əminəm ki, qış fasiləsindən sonra komanda mental olaraq yenilənəcək və daha yaxşı olacaq.
Bakı ilə bağlı ancaq müsbət sözlər deyə bilərəm. Şəhər, klub və buradakı insanlar xoş sözlərə layiqdirlər. Hər kəs mənə və ailəmə kömək edir, buraya uyğunlaşmağa yardımçı olurdular. Bu, həqiqətən gözəl hissdir. Düşünürəm ki, burada daha çox qalacağam. Beş aydır Bakıdayam və bəyənmədiyim heç nə yoxdur. Bəzi şeylər mənim ölkəmlə oxşardır. Ailəm də eyni fikirdədir. Onlar Bakını və Azərbaycanı çox sevirlər. Yalnız bir şeyi bəyənmirəm, o da tıxaclardır. Yəqin ki, bunu heç kim sevmir".
Qeyd edək ki, 2024-cü ilin yayında "Neftçi"yə keçən Edvin Kuçun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.