"Kristal Pelas"ın hücumçusu Jan-Filipp Mateta klubla müqaviləsinin son ilinin etibarlılığına etiraz edir.
Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın BBC idman nəşri məlumat yayıb.
Bildirilir ki, 29 yaşlı fransalı futbolçu London klubu ilə sözləşməsinin son 10 ayının etibarsız sayılmasını tələb edir. Matetanın hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Hücumçu "Kristal Pelas"a 2021-ci ildə, ilkin olaraq "Maynts"dan icarə əsasında keçib. 2022-ci ilin yanvarında londonlular futbolçunun transfer hüquqlarına tam sahib çıxıb və onunla daha 1 mövsüm uzadılma variantı ilə 4,5 illik müqavilə imzalayıblar. Klub 2024-cü ildə bu bəndi aktivləşdirib.
Mateta isə əlavə 1 ilin etibarsız sayılmalı olduğunu iddia edir. Onun işinə artıq Premyer Liqa qaydaları çərçivəsində müstəqil tribunal tərəfindən baxılıb, lakin müqavilə qüvvədə saxlanılıb.
Bundan sonra fransalı oyunçu FİFA-ya müraciət edib. Qurum isə bu həftə məsələnin onun yurisdiksiyasına daxil olmadığı barədə qərar çıxarıb.
Mateta 2021-ci ildən bəri çıxış etdiyi "Kristal Pelas"da 67 qol vurub. O, komanda ilə birlikdə İngiltərə Kubokunu və Konfrans Liqasını qazanıb.
Bu ilin yanvarında londonluların düşərgəsini tərk etməyə çalışan hücumçu "Milan"a keçməyə yaxın olsa da, dizindəki problem səbəbindən bu keçid baş tutmayıb.
Xatırladaq ki, Mateta Fransa millisinin heyətində son dünya çempionatında da mübarizə aparıb.













