"Qəbələ"nin prezidenti Fariz Nəcəfovun müsahibəsi
 
- "Qəbələ" bu mövsüm sərgilədiyi futbolla çoxlarının ürəyinə yol tapıb... Belə olacağını gözləyirdiniz? Yoxsa sizi də yaxşı mənada təəccübləndirib?
- "Qəbələ" yarandığı gündən iddiası, hədəfləri olan komanda kimi sözünü deməyi bacarıb. Mövsümün əvvəlində  əsas məqsədimiz o idi ki, rəqabətədavamlı, mübarizə gücü yüksək səviyyədə olan və baxımlı futbol nümayiş etdirən komanda formalaşdıraq. Mövsümün birinci yarısında "Qəbələ"nin qazandığı nəticələr və turnir cədvəlində tutduğu mövqe məşqçilər korpusumuzun, futbolçuların işə doğru yanaşmasının, məşq proseslərindəki çalışma həvəslərinin, nümayiş etdirdikləri əzm və mübariz oyunun məntiqi qarşılığıdır. Bu mənada təəccübləndiyimi deyə bilmərəm.
 
- Bu, mümkün olanın ən yaxşısıdır, yoxsa, indiki maliyyə ilə daha artığına nail olmaq olar?
- Biz əlimizdə olan imkanlarla ən yaxşısını etməyə çalışırıq. Təbii ki, biraz da yaxşı ola bilərik və bütün səylərimiz bu istiqamətdə davam edir. 
 
- Komandanın qarşısına mövsüm ərəfəsində hansı hədəf qoyulub?
- Bunu mövsümün startında da açıqlamışıq – hədəfimiz hər oyunda qələbə qazanmaqdır. Yekunda necə olacaq, birlikdə müşahidə edəcəyik.
 
- Bizdə olan bilgiyə görə, "Sabah" mövsümün sonunadək sizə icarəyə verdiyi qapıçı Nicat Mehbalıyevi elə bu qış geri qaytarmaq istəyirmiş...
- Bu barədə bizə hər hansı rəsmi müraciət olmayıb. Olsa belə, Nicatın mövsümün sonunadək "Qəbələ" ilə müqaviləsi var və onun xidmətində maraqlıyıq.
 
- Mehbalıyevi əvəzləyə biləcək yerli qapıçınız varmı? Yəni yaxşı oyunla diqqətləri üzərinə çəkən bu qolkiper "Sabah"a qayıdandan sonra "çərçivə" kimə həvalə ediləcək?
- Hazırda bütün diqqətimiz cari mövsümə yönəlib. Güvəndiyimiz 3 qapıçımız var. Hər üçünə inamımız sonsuzdur. Aralarında rəqabət var və buna görə də inkişaf edirlər. Növbəti mövsümün planlarını cızdığımız zaman bu suala yenidən qayıdacağıq. 
 
- "Qəbələ" cəmi bir transfer edib. Avstriyanın "Admira Vakker" klubundan icarəyə götürülən Patrik Robson de Souzadan başqa kimsə olacaqmı?
- Planda bir legioner futbolçunun transferi var idi və bunu reallaşdırdıq. Hazırda bir yerli futbolçu ilə komandanı gücləndirməyə çalışırıq. Bu istiqamətdə işlər gedir.
 
- Büdcənin azalması akademiyanın fəaliyyətinə nə dərəcədə təsir edir? Yaxın gələcəkdə "Qəbələ"nin öz yetirmələrindən elita səhnəsində kimlərisə görə biləcəyik?
- Büdcənin azalması təbii ki, akademiyamıza təsirsiz ötüşmədi. Həm məşqçilərimizin, həm personalımızın, həm də yataqxanada yaşayan futbolçularımızın sayında məcburi azaltmalar etdik. Bu da ümumi işin nəticəsinə öz mənfi təsirlərini göstərir. Problemlərə baxmayaraq, elita səhnəsində yetirmələrimizi görəcəyik. Hazırda əsas komandamızın heyətində 7-8 gənc futbolçumuz var. Onlardan artıq bir neçəsi bu mövsüm oynamaq, özünü göstərmək şansı da qazanıb. Və eyni templə akademiyamızdan yeni futbolçular çıxmağa davam edəcək.
 
- Klub maliyyə baxımından 8 komanda arasında hansı sıradadır?
- Digər komandaların büdcələrini bilmədiyimə görə bu suala cavab vermək çətindir.
 
- ümumiyyətlə, büdcənin artırılması baxımından yeni ümid işığı varmı?
- Futbolun biznes kimi inkişafı klubumuzun prioritet məsələlərindəndir. Bu mənada bir sıra şirkətlərlə danışıqlar aparmağa davam edirik. ümid hər zaman var. Bu mövsüm olmasa belə, növbəti mövsüm müəyyən artım gözləyirik.
 
- Komandanın mövsümün sonunda hansı nəticəyə imza atması sizin üçün uğur sayılar?
- Əvvəl də bildirdiyim kimi, komanda hər oyuna qələbə üçün çıxır. Bu baxımdan nəticə haqda danışmaq tezdir. Mövsümün sonunu gözləyək.
fanat.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest