Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Monza” klubundan Pedro Pereyranı, London “Arsenal”ından isə Runar Aleks Runarssonu heyətinə qatıb.
 
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.
 
Runarsson “Reykyavik”in yetirməsidir. İslandiyalı qapıçı “Arsenal”a 2020-ci ildə Fransanın “Dijon” klubundan transfer olunub. Lakin o, London təmsilçisində cəmi 6 matça çıxıb. 27 yaşlı futbolçu ötən mövsümü də icarə əsasında Belçikanın “Leuven” klubunda icarədə keçirib. İslandiya yığmasında 17 oyun keçirmiş qolkiper 2014-2018-ci illər aralığında da Danimarkanın “Nordsyelland” klubunun uğurları üçün çalışıb.
 
Pereyra isə 2021-ci ilin iyulundan “Monza”da çıxış edirdi. Həmin vaxt “Benfika”dan icarəyə götürülmüş sağ cinah müdafiəçisi bu yay 2.5 milyon avro qarşılığında birdəfəlik İtaliya klubuna transfer olunmuşdu. O, geridə qalan mövsümdə bu komandanın heyətində 35 matça çıxıb. Peşəkar karyerasına “Sampdoriya”da başlamış portuqaliyalı futbolçu, “Cenoa”, “Bristol Siti” və “Krotone”də də oynayıb. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.
 
Yeri gəlmişkən, “Monza” mərkəz müdafiəçisi Davide Bettelyanı da “Palermo”ya icarəyə verib. 22 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. “Atalanta”nın yetirməsi olan futbolçu 2020-ci ildən “Monza”da çıxış edirdi. İtaliyalı futbolçu bu komandada 28 oyun keçirib, 2 qol vurub. İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinmiş müdafiəçi “Peskara”da da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest