Uğurun açarı qoyulan təməldə və görülən işə inamdadı. Bu mövsüm Premyer Liqada debüt edən "Turan Tovuz"la "Kəpəz"də bu baxımdan işə yanaşma bir-birinin əksinədi. Cəmi 2-3 ay keçməsinə baxmayaraq, bu klublara ümumi rəy vermək heç də çətin deyil.
Elitada iştirakı dəqiqləşən ilk gündən Tovuz klubu məsələyə ciddi yanaşdı. Baş məşqçi postuna Ayxan Abbasovun gətirilməsi rəhbərliyin təməli möhkəm atmaq istəməsindən qaynaqlanırdı. Hər halda, Abbasov "Sumqayıt"da gördüyü işlərlə həm özünü təsdiqləyib, həm də çempionatın ən təcrübəli mütəxəssislərindən birinə çevrilib. Axı o, "Sumqayıt"ı da sıfırdan quraraq, Avropaya qədər daşımağı bacarmışdı.
Abbasov "Turan Tovuz"da da tamamilə yeni heyət yığdı, digər klubların güvənmədiyi yerlilərə ikinci şans verdi. İlk 3 oyunda göstərilən futbol və qazanılan 4 xal Tovuz klubunda təkcə baş məşqçi və futbolçuların yox, eyni zamanda rəhbərliyin də zəhmətinin bəhrəsidi. çünki Tovuzda istər rəhbərlik, istərsə də yerli azarkeşlər olsun, hamı Abbasovun ətrafında yumruq kimi birləşib. Bu birliyin, şəxsi mənafeyi yox, klubun uğurları üçün can yandırmağın bəhrəsidi ki, "Turan Tovuz" artıq autsayderlərdən sayılmır. Bununla belə, kənar müdaxilələr də var ki, gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərovun "fəaliyyətini" bütün rayon bilir.
"Kəpəz"də isə vəziyyət "Turan Tovuz"la müqayisədə çox bərbaddı. İlk gündən Yaşar Vahabzadəyə inam sıfır səviyyəsində oldu. Gəncəlilər hələ mövsüm start götürməmişdən Vahabzadə ilə yola çıxmağın intihar olduğunu bar-bar bağırırdılar. Buna rəğmən rəhbərlik yaşlı, amma Premyer Liqa təcrübəsi olmayan mütəxəssisi postunda saxladı. Saxlamasaydı, ondan daha yaxşı idi. çünki azarkeşlər kimi, rəhbərliyin də baş məşqçiyə inamı yoxdu, heç dəstəkləmir də. Zorla məhəbbət olmaz axı…
Adı Gəncə klubu olsa da, rəqiblərini orda-burda qəbul edən "Kəpəz"dəki vəziyyət rus İvan Krılovun "Qu quşu, durnabalığı və xərçəng" təmsilini xatırladır:
Dostlarda həmrəylik olmasa əgər,
İşləri irəli çox çətin gedər,
Bunun faydasından biryolluq əl çək.
Qu quşu, Durnabalığı, bir də ki Xərçəng,
Yüklü arabanı aparmaq üçün
Ona qoşuldular həvəslə bir gün,
Dəridən çıxdılar, ancaq nə fayda!
İrəli getmədi heç bir addım da.
Deyilsə də yük o qədər ağır:
Qu quşu qanad çalaraq buluda qalxır,
Xərçəngsə geriyə gedirdi ancaq,
Durnabalığı da elə bu anda,
Yükə güc verirdi suya cumaraq.
Təmsildəki araba kimi, "Kəpəz"i də hərə bir tərəfə çəkir. Heç kimi komandanın uğuru maraqlandırmır, şəxsi mənafelər ön plandadı, hərə bir avaz oxuyur. Belə vəziyyətdə olan komanda isə "zirzəmidə" yaşamağa məhkumdu. "Kəpəz"in hələ də xal üzünə həsrət qalması, hətta əcnəbisiz oynayan "Şamaxı"dan da geridə olması, hərtərəfli rüsvayçı idarəçiliyin nəticəsidi. Həm rəhbər, həm də baş məşqçi postunda dəyişiklik olmadığı müddətdə gəncəlilər sonuncu yeri özləri üçün təmin edəcək, gələn-gedənə xal paylayacaq.