07 May 2023, 18:00
MPL
"Qarşıda üç oyunumuz var. Biri səfərdə, ikisi evdə. Biz davranışımızı və düşüncə tərzimizi dəyişməliyik. Qələbə ruhunu komandaya yenidən qaytarmalıyıq"
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 33-cü turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rumıniyalı mütəxəssis 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Fanatlarımızdan üzrxahlıq etmək istəyirik. Bu, "Neftçi" tərəfdən komanda olaraq yaxşı davranış deyil. Kubokda finala adladıqdan sonra komanda arxayınlaşıb. Konsentrasiya yox idi. Bu, "Qarabağ"la oyundan etibarən başlamışdı. Qarşıda üç oyunumuz var. Biri səfərdə, ikisi evdə. Biz davranışımızı və düşüncə tərzimizi dəyişməliyik. Qələbə ruhunu komandaya yenidən qaytarmalıyıq. "Turan Tovuz"dan bu cür oyun gözləyirdim. çünki kubokun yarımfinalında son 10 dəqiqədə oyunu əldən verdilər və biz finala çıxdıq. Onlar da çox əziyyət çəkdilər. Həftəboyu oyunçularıma çatdırmaq istəyirdim ki, Tovuzda asan olmayacaq, mübarizə aparmaq lazımdır. Qarşıdakı çempionat oyunu üçün çox şeyi dəyişməliyik. çox seçimimiz də yoxdur. Oyunçuların qayğısına qalmalıyıq. Əlbəttə ki, ev oyunumuz tamamilə fərqli olacaq. Həm özüm, həm də, oyunçuların adından azarkeşlərdən üzr istəyirəm.
Bizim səviyyədə olan komanda belə uduzmamalıdır. çox asanlıqla qollar buraxdıq. çox şeyi müzakirə edə bilərik. Ən vacib amil odur ki, bu loqolu forma ilə meydana daxil olursansa, davranışın fərqli olmalıdır, belə asanlıqla qollar buraxmalı deyilsən. Mən də komandanın üzvüyəm və hamımız üçün utancverici məğlubiyyətdir. Düşünmürəm ki, mən, rəhbərlik və futbolçular fərqliyik, hamımız bir komanda üçün mübarizə aparırıq. "Neftçi" kubokda finala çıxanda, deməmişəm ki, mən etdim, həmişə "biz" deyirəm. Vicdanlı olmalıyıq. Qarşıda üç həftə əzmkar çalışmaq üçün vaxtımız var. "Turan Tovuz" məğlubiyyətini "yumalıyıq" və bütün tənqidləri qəbul etməliyik. Amma eyni anda da çalışmalıyıq. üçüncü yerdəyik. Futbolçular bilir ki, bu yerdə olacağıq. Ona görə bayaq dedim ki, bu formanı geyinəndə başqa cür davranmalı, başqa cür düşünməlisən. Amma bəzən elə məqamlar var ki, nə itirəcəyin, nə də qazanacağın şeylər olur. Belə düşünəndə də, bu cür hallarla rastlaşırsan. Həssas davranmalıyıq. Bilirəm ki, haqqımda tənqidlər yazacaqsız, bunu qəbul edirəm. Amma oyunçularımı da qorumalıyam. çünki mövsümün sonunda final oynayacağıq. Hər birinə meydanda döyüşüb, kuboku qazanmaları üçün ehtiyacım olacaq. Bu məğlubiyyəti təsadüf kimi qəbul edəcəm. Fanatlardan nəticəyə görə üzr istəyirəm. Əgər başlayıb məni "vurmaq" istəyirsizsə, buyurun.
Oyundan qabaq da futbolçulara demişdim ki, nələri etməsək, başımıza hansı hadisələr gələ bilər. Onlar da oldu. Fərid Yusifliyə ona görə əsəbiləşdim ki, lazımsız yerə sarı vərəqə aldı və cəzalı duruma düşdü. Kifayət qədər problemimiz var. Voyislav Stankoviç bir oyunu da buraxacaq, hər iki Azər zədəlidir. Ataa Caberin keçmiş formasını qaytarmalıyıq, Eddi İsrafilova daha çox oynamaq imkanı verməliyik. Bizim komanda fərqli olacaq. Oyunçularımla danışdım və dedim ki, ayılmalıyıq. Daha ciddi olmalıdılar. çempionatda qələbə qazansaq da, tabloda heç nə dəyişməyəcək. Amma imkan verə bilmərik ki, adımız belə ləkələnsin. Bəlkə də, deyə bilərlər ki, daha gənclərlə oynamaq olar. Amma bunu edə bilmərik. çünki finalda oynayacağıq, əsas oyunçular hazır olmalıdır.
Titul qazanmaq çox vacibdir. Oyunçuların səviyyəsini saxlamalıyam ki, onlar kuboku udmalı olduqlarını unutmasınlar. çempion ola bilmədik, çox xallar itirdik. Qarşıdakı mövsüm üçün çox güclü olmalıyıq. Titulu qazanmaq şansımız varsa, niyə etməyək? Bizim üçün hazırda ən vacibi kuboku qazanmaqdır. çünki artıq komanda Konfrans Liqasının seçmə mərhələsinə vəsiqə qazanıb. Futbolçularımın kuboku qazanmaq haqqı var. Döyüşüblər, mübarizə aparıblar. Bu oyuna və nəticəyə görə üzülürəm. Eyni zamanda, sevinirəm ki, bu oyunçular komandanı kuboku finala daşıyıblar, üçüncü yeri tutublar və KL-ə vəsiqə qazanıblar. Bəli, razıyam, sizinlə eyni düşünürəm ki, belə hesabla uduzmaq olmaz. Oyunçularımla bu haqda danışmışam. Sizə yalan danışa bilmərəm. Amma yaddan da çıxarmayaq ki, onlar indiyə qədər nələr edib. Finala vəsiqə qazanıblar. Bu da, bir tituldur. Mövsüm bitəndə rəhbərlik üçüncü yeri bəyənməyəcəksə, mənə bu barədə fikirlərini bildirəcəklər və tənqidlərə hazıram. Amma sizə əminliklə deyə bilərəm ki, növbəti mövsümdə istədiyimiz heyət, komanda olsa, çempionluq uğrunda mübarizə apara bilərik. Demirəm ki, oyunçuları dəyişəcəyik. Yeni oyunçular gəlməlidir".