07 May 2023, 21:37
MPL
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 33-cü turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 33-cü turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Həmişəki kimi bir həftə rahat oluruq, o biri həftə stress altına giririk. Ən çox azarkeşlərimizə görə üzüldüm. Son pillələrdə qərarlaşan komandalar oynasa da, bizi dəstəkləməyə bu qədər azarkeş gəlmişdi. Sona qədər də bizimləydilər. Sağolsunlar. Bundan sonra nə desələr də, haqlıdırlar. İstirahət günüdür, gəlirlər bizə dəstək olmağa, nə oyun var, nə nəticə… Təbii ki, belə olmaz. üç oyun qalıb. çox çətin rəqiblərdir. İlk beşlikdəki komandalardır. Rəqiblərin də necə nəticə göstərməsi önəmlidir. Görək, necə olacaq.
Ətrafımızda olan komandalar bizə baxanda dəhşət oynayır? Yox. Aşağı-yuxarı eynidir. Bir həftə biz yaxşı oynaya bilərik, o biri həftə digər komandalar. Ona görə də, haqlı olaraq bu yerdəyik. Futbolçular olaraq, biz oyunu başa düşmədik ki, bu cür oyunlarda nə etmək lazımdır. Tələsməmək, təlaşa düşməmək lazımdır. Fasilədə futbolçulara bildirdim ki, tələsməmək top birinin ayağındadırsa, ona durub baxmalı olmağımız deyil. Buna görə də, bir şey etmək lazımdır. Oyunun içində bunu anlaya bilmədik. İkinci hissəyə başlayanda, oyun o qədər rahat gedirdi ki, rəqibin də təzyiqi yox idi. özümüz qolu hədiyyə verdik. Həm də, ümumi oyunu "Səbail"ə hədiyyə verdik.
İkinci hissə qollar vurmalıydıq, amma qapımızda qollar gördük. Bir çox məşqdə etdiklərimizi meydanda görməməyimiz bizi üzür. Ən üzücü məqamlardan biri odur ki, məşqlərdəki həmin futbolçuları artıq meydanda görmürük. Məşqlərdə tamam başqadılar, oyuna çatanda fərqli. Oyunun gedişində kənardan qışqırırsan ki, sən bu mövqenin oyunçususan, gəl bura, top al, ötürmə ver. Yəni, bu problemləri yaşayırıq. Ona görə də, bu gündəyik, belə yerdəyik. Qeyri-sabit oyunlarımız var, birini uduruq, o birini uduzuruq. İndi fikirləşməliyik ki, qalib gəldiyimiz oyunlarda biz yaxşı oynamışıq, yoxsa rəqib günündə olmayıb. Belə suallar var".