"Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 33-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

"Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 33-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"çətin oyun idi. "Qəbələ" ilə görüşü də saysaq, hamısı finala bərabərdir. Maksimum konsentrasiya olub, xallar qazanmaq niyyətindəyik. Premyer Liqadan düşmək istəmirik. Ona görə də, komanda bu gün vuruşdu. Qələbədən də vacib olan komandanın göstərdiyi samballı oyun idi. Düşünülmüş, dominant oyun sərgilədik. Buraxdığımız qol bizi "sındırdı". Amma xarakter göstərdik. Komanda sürəti azaltmadı, təzyiqi daha da çoxaltdı. Bunun da nəticəsi kimi qələbə qazandıq. Uşaqları təbrik edirəm. Ən yaxşı oyunlarımızdan birini oynaya bildik. "Sumqayıt"a da təşəkkür edirəm, yaxşı oyun alındı. Premyer Liqaya layiq oyun idi, qarşılıqlı hücumlar şəraitində keçdi. Oyun keyfiyyəti var idi. Fikirləşirdik ki, ilk yarıda mübarizə aparaq. İkinci yarıda isə sürətli, texnikalı futbolçuları meydana buraxaraq oyunun taleyini həll etmək istəyirdik. Əvəzetmələr özünü doğrultdu. Ondan qabaq qolumuzu vurmuşduq. Amma əvəzetmələr oyunun sürətini, keyfiyyətini daha da artırdı. Bugünkü qələbəyə görə çox şadam.
 
Komanda çətin vəziyyətdən çıxmaq üçün özündə gücdə tapdı. Hər dəfə onlara deyirəm ki, bacarırsınız. "Zirə", "Neftçi", "Sabah", "Turan Tovuz", "Qəbələ"yə qarşı keyfiyyətli oyunlarımız olub. Komanda keyfiyyətli oyun göstərə bilir, sadəcə, onu nəticəyə çevirə bilmirdik. Fasilədən sonra paltardəyişmə otağında komandanın ruhunu gördüm. İnam yarandı ki, fasilədən sonra geridönüş edə bilərik. Onu da bacardıq. Psixoloji baxımdan çox vacib qələbədir. Motivasiyanın arxasında üç xal dayanıb. Sonuncu pillədən qurtulmağımız motivasiyadır. 
 
çox istəyirdik ki, hər şey son turdakı "Şamaxı" oyununa qalmasın. "Qarabağ" çox güclü komandadır. Amma bizim də itirəcəyimiz bir şey yoxdur. Qabağa atılmalı və nəyimiz varsa, meydanda qoymalıyıq. Demirəm ki, "Qarabağ"ı udacağıq. Mübarizə aparacağıq, necə alınacağını görəcəyik. çox çalışacağıq ki, hər şeyi son tura saxlamayaq. çünki son oyun lotoreya kimi olacaq. Hər şey ola bilər, təsadüf də. Qalan üç oyunda maksimum nəticə istəyirik. Bu gün alındı. "Sumqayıt"ın oyunlarını dünən gecəyə qədər analiz etmişəm. Baxırdım ki, sanki axırlarda bu komandada durğunluq var. Deməzdim ki, fiziki durum aşağıdır, xeyr. Birinci hissədə, 70-ci dəqiqəyə qədər sürətli, dinamik futbol nümayiş etdirirlər. Amma bəzi oyunlarda sonradan qopurlar. Mənim də düşüncəm belə idi ki, sonradan meydana sürətli, keyfiyyətli, oyunu öz üzərinə götürə bilən futbolçuları buraxım. Bu dəfə alındı. Belə deyim var, "məşqçi düşünür, futbolçu yerinə yetirir". Əgər futbolçular düşünsəydi, məşqçi lazım olmazdı. Yəni biz düşünürük, nə qədər alınması, futbolçulardan asılıdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest