06 Dekabr 2023, 14:04
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandası barədə səsləndirilən tənqidlərə cavab verib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis hazırda futbol eksperti kimi çalışan bəzi keçmiş futbolçuların Mançester təmsilçisinin ardıcıl 3 Premyer Liqa oyununda xal itirməsindən sonra verdikləri açıqlamalara münasibət bildirib:
"Qari Nevill futbol üzrə İngiltərə çempionatında işlərin nə qədər çətin olduğunu bilir. Əks halda, o, "Mançester Yunayted"in ən yaxşı zamanlarında ardıcıl çempionluqlar yaşayardı. Lakin bunu bacarmadı. Bizi özündənrazılıqda günahlandırır. Elə onun özü də futbolçu kimi çıxış etdiyi zaman "Mançester Yunayted"də çox arxayın olub. Ceymi Karrager də bir dəfə olsun, İngiltərədə titul qazanmayıb. Bu, heç vaxt baş verməyib.
Biz xal itirəndə belə deyirlər: "Çelsi", "Liverpul" və "Tottenhem"lə oyunlarda xal itirirlərsə, bu, fəlakətin göstəricisidir". Mən anlaya bilmirəm. İnsanlar bu cür çətin matçlarda bizdən nə gözləyirdilər? 120 xal toplamalıydıq?! 20 xal fərqi ilə lider olmağımız gözlənilirdi?"
Qeyd edək ki, Qvardiolanın komandasının son 3 Premyer Liqa oyunu bərabərliklə bitib ("Çelsi" 4:4, "Liverpul" 1:1, "Tottenhem" 3:3).
"Şəhərlilər" hazırda 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar.