Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, yarışın 4-cü günündə daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

Təmsilçilərimiz 53, 57, 62 və 65 kq çəki dərəcələrində döşək üzərinə çıxıblar.

53 kq

1/8 final mərhələsindən yarışa başlan millimizin üzvü Tatyana Varansova ilk rəqibi Vanesa Kaladzinskaya (Belarus) asanlıqla təslim olub - 0:10.

57 kq

Alyona Kolesnik komanda yoldaşından fərqli, 1/8 finalda qələbə qazanıb. İsveçli Sara Lindborq üzərində 2:0 hesablı qələbə qazanan güləşçimiz 1/4 finalda Emese Barka (Macarıstan) önünə çıxıb. Lakin bu dəfə rəqib güclü olub - 5:8.

62 kq

Digər milliləşən güləşçimiz Tatyana Omelçenko 1/8 final səddini çətinlik çəkmədən aşıb. O, norveçli Hedda Hauq Stranda heç bir şans verməyib (12:1). İdmançımızın 1/4 finaldakı qurbanı isə Katarzina Madrovska olub. Polşa təmsilçisi üzərində 6:0 hesablı qələbə qazanan Tatyana yarımfinala yüksəlib. Onun final yolundakı son əngəli Taybe Yusein (Bolqarıstan) olacaq.

65 kq

Elis Manalova yarışa təsnifat mərhələsindən başlayıb. O, 1/4 finala çıxmaq üçün Henna Katerina Yohanssonla üz-üzə gəlib. İsveçli ilə görüş 2:2 hesabı ilə başa çatsa da, qələbə Azərbaycan idmançısına verilib. Manalova 1/4 finalda almaniyalı Luzi Manzke üzəridə də qələbə (2:0) qazanaraq, yarımfinala adlayıb. O, bu mərhələdə finlandiyalı Petra Olli ilə qarşılaşacaq.

***

Dünən yarışa qoşulan 3 qadın güləşçimiz isə bu gün medal görüşünə çıxacaq. Türkan Nəsirova, Elmira Qəmbərova və İrina Netreba "bürünc" üçün döşəyə çıxacaq.

50 kq

İlk görüşündəki məğlubiyyətə baxmayaraq, 3-cülük şansını qoruyan Türkan Nəsirova bunun üçün türkiyəli Evin Demirhanla qarşılaşıb. Amma rəqibindən zəif olan təmsilçimiz 3:10 hesabı ilə yenilərək birinciliyi medalsız başa vurub.

59 kq

Avropa çempionatına uğursuz start götürən digər xanım güləşçimiz Elmira Qəmbərova isə yığmamızın aktivinə bürünc medal yazdırıb. O rəqibi Angelina Lisaka (Ukrayna) qalib gələrək üçüncülüyü bayram edib.

68 kq

Yarışa təsnifat mərhələsindən qoşulub iki rəqibinə qalib gələn, lakin yarımfinalda uduzan İrina Netreba da "bürünc"ə iddia edib. O, təsəlliverici görüşdə qələbə qazanmış Anna Fransson (İsveç) ilə qarşılaşıb. Netreba matçı məğlubiyyətlə başa vuraraq, Aç-ni medalsız bitirib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest