Bakı İdman Sarayı növbəti dəfə futzal həvəskarlarını ağuşuna almışdı: Azərbaycan millisi AVRO-2026 əsas seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxırdı. Sırf yerli futzalçılardan təşkil olunmuş yığmanın İsveçlə görüşdə necə təsir bağışlayacağı böyük maraq doğururdu. Gərgin mübarizənin sonunda bilmədik qazanılan 1 xala sevinək, yoxsa itirilmiş 2 xala kədərlənək.

Ağır və gərgin hissə  

İsveç adı axır zamanlar azərbaycanlı idman azarkeşlərinin əsəblərinə toxunur. Futbol yığmamz son 3 ayda 2 dəfə bu ölkənin milli komandasına uduzub (1:3; 0:6). Bu yaramız sağalmamış “Qarabağ” da İsveçdə “Elfsborq”a məğlub olaraq, Avropa Liqasında növbəti mərhələyə adlamaq şansını dəfn etdi. Bu mənada skandinaviyalılara heç olmasa, futbolun “kiçik qardaşı” – futzalda gücümüzü göstərəcəyimizə, onların kefinə soğan doğramaqla, cüzi də olsa, qisasımızı almağa ümid edirdik. Amma birinci hissənin gedişi nikbinliyimizi pozdu, bizə matçı rahat izləməyə imkan vermədi. İlk saniyələrdən aqressiv oyuna üstünlük verən İsveç yığması daim pressinq tətbiq etməklə, futzalçılarımızı sərbəst hücum qurmağa qoymurdu. Əksər hallarda meydançanın özümüzə aid hissəsindən çıxmağa çətinlik çəkdiyimizdən ümid qalırdı qapıçı Rövşən Hüseynlinin uzun ötürmələrinə.

Yığmamızın erkən qolu sizləri çaşdırmasın. İsveçlilər ilk hissədə Rövşənin qapısına doğru 10-dan çox zərbə endirdilər. Elə uzaqdan vurulan növbəti zərbə zamanı rəqib hesabı bərabərləşdirdi. Skandinaviyalıların təzyiqi qarşısında davam gətirməyə çətinlik çəkən komandamız bu azmış kimi, artıq 13-cü dəqiqədə 5 cərimə zərbəsi limitini doldurdu. Həyəcanımız bir az da artdı. Yaxşı ki, hissənin sonuna qədər olan 7 dəqiqədə qaydaları pozmadıq. Rövşənin komanda yoldaşlarına vaxtı xatırladıb, “folsuz oyna, folsuz” çağırışları da bəhrəsini verdi.

Hakimin kobud səhvi

Fasilədə baş məşqçi Vitali Borisov yetirmələrinə nə dedisə - nə demədisə, ikinci hissədə oyunun gedişi 180 dərəcə dəyişdi. Ağıllı kombinasiyalar, baxımlı oyun, inamlı müdaxilələr isveçliləri aciz vəziyyətə salmışdı. Saysız-hesabsız hücumlarımız 23-cü dəqiqədə hesabda önə çıxmağımıza şərait yaratdı – 2:1. Hələ növbəti bir neçə dəqiqədə ən azı 2 real qol epizodundan fərqlənə bilmədik. Başını itirən isveçlilər final fitinə 6 dəqiqə qalmış, gözlənildiyi kimi, qapıçını 5-ci sahə oyunçusu ilə əvəzlədilər. Ancaq görüşdə hesabın bərabərləşməsi heç də bu taktiki gedişin sayəsində olmadı. Nə qədər qəribə görünsə də, matçın qazaxıstanlı hakimləri adi epizodda İsveç yığmasının futzalçısından çıxan top zamanı əks istiqaməti göstərdi. Hakimin inanılmaz qərarından şok yaşayan yığmamız rəqibin tez-tələsik oyunu bərpa etməsinə və “çərçivə”yə zərbə endirməsinə maneə ola bilmədi.

İki saniyənin hökmü

Vitali Borisov qazaxıstanlı hakimlərlə rus dilində uzun-uzadı mübahisə etsə də, xeyri olmadı. Bərabərlik qolundan ruhlanan skandinaviyalılar gözlənilənlərin əksinə olaraq, 5-ci sahə oyunçusunu meydançada saxladılar. Güclü təzyiq, buraxılan qolun şoku keçməmiş rəqib üçüncü dəfə fərqləndi – 2:3. Vəziyyəti dəyişmək üçün cəmi 2 dəqiqə 56 saniyəmiz qalırdı. Baş məşqçimiz dərhal oyuna müdaxilə etdi: Oktay Rüstəmli qapıçı ilə əvəzləndi, tam qüvvə ilə hücuma atılmaq qərarı verildi. Ancaq qarşılarında keçilməz müdafiə görən futzalçılarımız 2 dəfə uzaqdan zərbə ilə yadda qaldılar. Tabloda saniyələr şam kimi əriyirdi: 20, 19, 18... Və bu zaman futzalda nadir hallarda yaşanan hal baş verdi. Final fitinə cəmi 2 saniyə qalmış Oktay Rüstəmli dublunu rəsmiləşdirdi. Oyun 3:3 hesabı ilə sona çatdı. Deməli, iki saniyə də az vaxt deyilmiş.

Sevinək, yoxsa...?

Bakı İdman Sarayını tərk edəndə ikili hislər yaşayırdım. Bir tərəfdən dramatik keçən oyunun son saniyələrində vurulan qol, həmyerlilərimizin sevinci, rəqib futzalçıların yerə çökmələri məni sevindirirdi. Seçmə mərhələyə bir xalla başlamışdıq. Ən əsası da, braziliyalı legionerlərlə yox, sırf azərbaycanlı uşaqlarla. Ancaq məni bir sual düşündürürdü: “Bu gedişlə hara gedirik?”. Zalda futzala baxan azarkeşlərin əksəriyyəti yəqin ki, mənim bədbinliyimi anlamağa çətinlik çəkər. Yığmamızın heyətinə fikir verin: Tofiq Mikayılov, Emil Həsənzadə, Ülvi Əliyev, Rüstəm Bağırov... Böyük futboldan futzala keçən və bəziləri “veteran” statusu daşıyanlar... Bəs bizim futzal məktəbimizin yetirmələri hanı? 20 il əvvəl Futbolun İnkişafına dair Dövlət Proqramında “Futzal mərkəzi”nin yaradılması elə kağız üzərində qaldı. Həmin layihəyə sovrulan pulların nəticəsi indi bizi hətta İsveç kimi futzal ölkəsi sayılmayan komanda ilə oyunda heç-heçəni az qala qələbə kimi qeydə eləmək məcburiyyətində qoyur. Qarşıda bizi dişlərini qıcayan Xorvatiya, Yunanıstan yığmaları gözləyir. Futzalımızın problemləri futbolumuzun da problemlərindən çoxdur...

Allah bizə səbir versin!

Aqşin ƏLİYEV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest