"Kəpəz" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində Tovuz şəhər stadionunda "Araz-Naxçıvan"la 0:0 hesablı heç-heçə edib. Gəncə təmsilçisinin portuqaliyalı qapıçısı Rojerio Santos oyundan sonra Matc.az saytına müsahibə verib:
- "Araz-Naxçıvan"la matçı necə dəyərləndirirsən?
- Yaxşı oyun alındı. Məncə, "Araz-Naxçıvan"dan daha yaxşı oynadıq. Qol epizodlarımız çox oldu. Amma nəzərə alsaq ki, "Kəpəz" 9-cu pillədədir, hər halda "Araz-Naxçıvan"la bərabərə qalmaq yaxşı oldu.
- Səncə, ədalətli nəticə qeydə alındı, yoxsa 2 xal itirdiniz?
- Dediyim kimi, komandamızın mövqeyinə baxanda, 1 xal bizim üçün çox yaxşıdır. Özü də rəqib üst pillələrdə qərarlaşan klub idi. Amma "Araz-Naxçıvan"a qarşı oynadığımız oyuna nəzər salsaq, fikrimcə, 2 xal itirdik. Çünki göründüyü kimi qol epizodlarımız daha çox idi.
- "Səbail"lə "Kəpəz" arasında xal fərqi 8-ə yüksəldi. Artıq demək olar ki, Premyer Liqada qalmaq işinin öhdəsindən gəldiniz?
- İndiki vəziyyətdə sonuncu yerdə gedən komanda ilə aramızda 8 xallıq fərqin olması çox yaxşıdır. Amma hələ heç nə demək olmaz. Çünki qarşıda 6 tur var. 6 tur 18 xal deməkdir. Bizim isə "Səbail"lə xal fərqimiz 8-dir. Bu mənada, yalnız qarşıdakı matçları düşünürük ki, uğurlu nəticə qazanaq.
- Qarşıdakı turda "Şamaxı" ilə üz-üzə gələcəksiz. Həmin görüşdə qalib gəlsəniz, xallar eyniləşəcək. Bu haqda fikriniz necədir?
- Yaxşı istirahət edib, məşqlərimizi bərpa edəcəyik. Məhz bundan sonra "Şamaxı" matçına fokuslanacağıq. İstəyirik ki, uğurlu nəticələr qazanaq.
- "Kəpəz" 7 oyundur ki, evdə uduzmur. Necə düşünürsən, matçlarınızı Tovuzda yox, Gəncədə keçirsəydiniz, nəticələr daha da yaxşı olardı?
- Builki əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Azarkeşlər də Tovuza 1 saatlıq yol gəlirlər. Amma buna baxmayaraq, bəli, yəqin ki, Gəncədə oynasaydıq, nəticələrimiz daha yaxşı olardı.
- Gəncədə təbi örtüklü meydançada məşqlərinizi keçirib, Tovuzda süni örtükdə oynayırsız. Bunun performansınıza təsiri var?
- Əlbəttə, təbii ot örtüyü olsaydı, daha yaxı olardı. Həm zədə, həm də digər məsələlər baxımından. Amma bugünkü gün üçün ev oyunlarımızı burada keçiririk. Biz də "Kəpəz"imizə hörmət edərək, heç nəyi fikirləşmədən oyunlara çıxıb, klub üçün mübarizə aparırıq.