"Kəpəz"in yarımmüdafiəçisi Əli Səmədov Matc.az saytına müsahibə verib:
- 31-ci turda "Şamaxı"ya məğlub oldunuz. Oyun haqda fikirlərini bölüşərdin...
- "Şamaxı" ilə oyun bizim üçün vacib idi. Hədəfimiz mövsümü 7-ci yerdə bitirməkdir. Matça yaxşı hazırlaşmışdıq. "Şamaxı"nın evdə yaxşı oynadığını bildirdik. Bərabər şəraitdə mübarizə getdi. Biz qol fürsətlərindən yararlana bilmədik, onlar isə yararlandılar. Məğlub olmaq üzücüdür.
- Qələbə qazanmaq üçün nə çatmadı?
- Komanda mübarizə apardı. Pis oyun sərgiləmədik. Sadəcə, son nöqtəni qoya bilmədik. "Şamaxı" bunu bacardı.
- "Kəpəz" evdə fərqli, səfərdə fərqli nəticələr göstərir. Bunun səbəbi nədir?
- Səfərdə uğursuz olduğumuzu deməzdim. Evlə müqayisədə ola bilər. Tovuzda azarkeşlərimiz daha çox olur, məğlub olmaq istəmirik. Əlbəttə ki, səfərdə də istəmirik.
- Mövsümün bitməsinə 5 tur qalmış "Səbail"lə aranızda 8 xallıq fərq var. Səncə, artıq "Kəpəz"in Premyer Liqada qaldığını demək olar?
- Demək olmaz. Amma düşünürəm ki, bizim şanslarımız 70-80 faiz daha çoxdur. Buna baxmayaraq rahatlaşmaq olmaz.
- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsız. Bu matçdan gözləntilərin nədir?
- "Zirə" Premyer Liqada "Qarabağ"dan sonra ən yaxşı komandadır. Yaxşı futbolçuları var. Çətin oyun olacaq. Amma bilirsiniz ki, 7 turdur evdə məğlub olmuruq. Çalışacağıq ki, "Zirə" ilə matçda xal və ya xallar qazanaq.