Millinin Lüksemburqa uduzmasından sonra aləm bir-birinə qarışıb. Ümumiyyətlə, yalnız bu oyun yox, yığma nə vaxt uduzsa, eyni mənzərəni görürük. Söhbət kiminsə futbolçuları və ya AFFA-nı tənqid etməsindən getmir. Tənqid olacaq və olmalıdı.

Əslində, elə bizdəki ən böyük problemin tənqidin olmamasıdır. Diqqətlə fikir versəniz, idman adamlarımız tənqid etmir, bir-birinə söz soxur, qisas alır. Hamı israrla ən doğrunun özü olduğunu iddia edir. Bu halda isə ən pis vəziyyətdə azakeş qalır. Çünki onların böyük əksəriyyəti durumu tam dərk edə bilmir və ortadakı hay-küyün bir parçası olurlar. Saytlar və sosial şəbəkələrdə gedən bər-bəzəkli və çeynənmiş cümlələr adamın hisslərini oyadır. Ancaq soyuqqanlı yanaşmadan sonra dərhal bu fikirlərin məqsədi ortaya çıxır. Bunun üçün isə mütləq düzgün təhlil lazımdı.  

Yığma haqda yazılanların əksəriyyəti üçün görüşün oynanılmasına ehtiyac yoxdu. Bunları matç başlamadan da yazıb kənara qoymaq olar. Sadəcə, nəticə düz gəlməlidi. Yəni komanda uduzan kimi, dərhal həmin fikirlər cəlbedici olur. Millinin məğlubiyyəti adətən tərəfləri ikiyə bölür: bir qrup oyunçuları, digəri isə federasiyanı hədəf alır.

Futbolçulardan yazanlar onları bayraq, dövlət üçün layiqli oynamadıqlarını, meydanda ürək qoymadıqları yönündə ittiham edirlər. AFFA-nı tənqid edənlərsə, çempionatdakı komandaların sayının az olmasını və bölgələrdə futbolun inkşaf etməməsini əsas gətirir. Yəni həqiqətən də qarşılaşmanın oynalılmasına ehtiyac yoxdu. Əvvəlcədən yazıb, hazır etmək olur.

Qayıdaq elə Lüksemburq məğlubiyyətinə. Meydanda futbolçular bir komandanın uduzması üçün nə gəldi etdilər, ancaq sən onlar haqda heç nə yaza bilməzsən. Dərhal federasiyanı müdafiə etmiş olursan. Məsələn, biri qırmızı vərəqə alıb komandanı pis vəziyyətdə qoyacaq, digərinin biabırçı məğlubiyyətdən sonra heç kefi pozulmayacaq və sən bunları tənqid edəndə haranısa “vurmuş” olacaqsan. Niyə, nə üçün? Məgər Lüksemburqu da məğlub etmək üçün çempionatda 30 komanda olmalıdı? Yoxsa futbolçu yetişdirməyin lazım olduğunu heç kim bilmir? Bəlkə oyunun 25-ci dəqiqəsində “qırmızı” alan bizim ölkənin yetirməsi deyildi?  Həqiqətən, bunların yazılması, tənqid olunması necə normal qarşılanmaya bilər? Razıyam, ölkə futbolunun ümumi durumunun ürəkaçan vəziyyətdə olmamasında hazırkı oyunçuların günahı yoxdur. Ancaq biz ortabab belə olmayan bir komandaya məğlubiyyətdən danışırıq. Əslində, günahı oyunçularda görənləri “satqın” adlandıranlar özləri də bu yolu gedəcəkdilər. Əgər Mahir Emreli ilə Maksim Medvedevin hərəkətlərini Dimitri Nazarovla Eddi İsrafilov etsəydi... İnanın ki, hamıdan qabaq özləri aləmi bir-birinə qatacaqdı.  Axı onları AFFA rəhbərliyi milliləşdirib. Deməli, məsələ şəxsdi.  

Yəni ki, bizim dərdli futbolumuz olsa da, dərdimiz futbol deyil. Ona görə də aləm qarışır bir-birinə. Bu yazdıqlarım yalnız sonuncu oyundan sonraya aid deyil. Bunları bir neçə dəfə müşahidə etmişəm. Bundan qurtulmaq lazımdı, ortaya daha fərqli fikirlər qoyulmaldı. Bizə saxta Çe Qeveralıq lazım deyil.

Sonda isə yadıma De Byazinin Lüksemburqla oyun öncəsi keçirdiyi mətbuat konfransında dediyi sözlər düşdü: “bütün dünya belə oynayır, problem bizdədi, dəyişməliyik”.

Məncə də müəllim haqqlıdı. Dəyişməliyik!

Həsən

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest