Azərbaycan millisi Dç-2022-nin seçmə mərhələsində 5-ci görüşünü keçirdi. Matc.az xəbər verir ki, bu, eyni zamanda komandamızın sentyabrdakı 3-cü oyunu idi. Ayın ilk günündə Lüksemburqda 1:2 hesablı məğlubiyyətə üzülən, 4-də Dublində İrlandiya üzərində qələbəni son anda əldən verən (1:1) yığmamızı bu dəfə daha çətin sınaq gözləyirdi. çünki rəqib qrupun aşkar favoriti, ümumiyyətlə isə Avropanın ən güclü komandalarından olan Portuqaliya idi.

Dç-2022-nin seçmə mərhələsi
A qrupu, 6-cı tur
7 sentyabr

Azərbaycan – Portuqaliya – 0:3
Qollar: Bernardo Silva, 26, Andre Silva, 31, Dioqo Jota, 75
Bakı Olimpiya Stadionu. Hakimlər: Marko Quida, Filippo Meli, Alessandro Kostanzo, Fabio Mareska (İtaliya)
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k) (16. Anatoli Nuriyev, 46), 3. Azər Salahlı (22. Rəhim Sadıxov, 76), 4. Höccət Haqverdi, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli (17. Toral Bayramov, 62), 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 19. Təmkin Xəlilzadə (9. Əli Qurbani, 46), 20. Filip Ozobiç (6. Vüqar Mustafayev, 62)
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 5. Bəhlul Mustafazadə, 11. Ramil Şeydayev, 15. Sərtan Taşkın, 18. Şəhriyar Əliyev, 21. İsmayıl İbrahimli
Baş məşqçi: Canni de Byazi
Portuqaliya: 1. Ruy Patrisio, 3. Pepe, 4. Ruben Diaş, 5. Rafael Gerrero (19. Nuno Mendeş, 71), 6. Joao Palinya (18. Ruben Neveş, 46), 8. Joao Moutinyo (k) (23. Joao Mario, 78), 9. Andre Silva, 10. Bernardo Silva (16. Otavio Monteyro, 78), 11. Bruno Fernandes, 20. Joao Kanselo, 21. Dioqo Jota (17. Qonçalo Qedeş, 78)
Ehtiyat oyunçular: 12. Entoni Lopes, 22. Dioqo Kosta, 2. Nelson Semedo, 7. Fransisko Trinkao, 13. Danilo Pereyra, 14. Dominqos Duarte, 15. Rafa Silva
Baş məşqçi: Fernando Santos

Start heyətində 3 dəyişiklik
"Avropanın Braziliyası"nı Bakı Olimpiya Stadionunda qəbul edən millimizdə heyətlə bağlı ciddi problemlər var idi. Canni de Byazi İrlandiya səfərində start heyətində yer alan kapitan Maksim Medvedev və digər müdafiəçi Anton Krivotsyukun xidmətindən məhrum idi. Maksim zədələnmişdisə, Anton cəzalı duruma düşmüşdü. Onlarla yanaşı, hücumçu Rüstəm Əhmədzadənin də zədə ucbatından iştirak ərizəsindən çıxarıldığını demək olar. Canni de Byazi itkilərin fonunda komandanın taktiki düzülüşünə toxunmamışdı. Ancaq start heyətində 2 yox, 3 dəyişikliyə əl atmışdı. Müdafiəçi Toral Bayramov bu dəfə ehtiyatdan başlamalı oldu.

Cinahlarda fərqli adlar
5-3-2 sistemində meydana çıxan millidə qapıçı Şahruddin Məhəmmədəliyevin önündəki 3-lü mərkəz müdafiəyə Höccət Haqverdi nəzarət etməli idi. Elvin Bədəlov sağdan, Krivotsyukun yoxluğunda Azər Salahlı isə soldan arxa xəttə cavabdehlik daşıyırdı. Müdafiənin hər iki cinahında dəyişiklik edilmişdi. Lüksemburqla qarşılaşmadakı səhvlərinə görə İrlandiyada 70 dəqiqə ehtiyatda otuzdurulan Abbas Hüseynov sağda Maksimin boşluğunu doldurmalı idi. Sol cinah isə bu dəfə Təmkin Xəlilzadəyə həvalə olunmuşdu. Yarımmüdafiə və hücum xətti toxunulmaz qalmışdı. Dayaq yarımmüdafiəçisi Qara Qarayev həm müdafiəyə kömək etməli, həm də hücumların qurulmasında baş rolu oynamalı idi. Emin Mahmudovla Filip Ozobiç orta sahədə müdafiə və hücuma dəstək vermək funksiyasını daşıyırdı. Hücumda isə klublarında son vaxtlar uğurlu çıxış edən Mahir Emreli ilə Namiq Ələsgərov qol ümidimiz idi.

Ronaldosuz da əzəmətli Portuqaliya
Portuqaliya millisi də Bakıya kapitansız gəlmişdi. İrlandiya ilə matçın qəhrəmanı Kriştiano Ronaldo sarı vərəqə cəzalısı olduğu üçün komandasını ölkəmizdə yalnız qoymuşdu. Ancaq Portuqaliyanın heyəti Ronaldosuz da əzəmətli görünürdü. Hər halda Pepe, Ruben Diaş, Joao Kanselo, Bruno Fernandeş, Joao Moutinyo, Bernardo Silva, Dioqo Jota adları rəqibin nə qədər güclü olmasından xəbər verirdi. Fernando Santosun meydana buraxdığı "11-lik"də ad baxımından ən az tanınmış hesab olunan Joao Palinya "Sportinq"in aparıcı simalarındandı.

Müdafiəçilər 25 dəqiqə dözdü
Oyunun qonaqların nəzarətində keçməsi öncədən gözlənilən idi. Yığmamız ilk dəqiqələrdən ikinci planda oynadı, müdafiəyə çəkilərək, qapının toxunulmazlığını qorumaq barədə düşündü. Belə bir rəqibə qarşı qol axtarışında olmaq, açıq futbol oynamaq intihar olardı. De Byazinin bu planı ilk dəqiqələrdə işə yarayırdı. Müdafiəyə qapanan yığmamız rəqibin qapıya yaxınlaşmasına çox da imkan vermirdi. Düzdü, Fernando Santosun yetirmələri bütün qüvvə ilə irəli atılaraq, erkən qol vurmaq barədə düşünürdülər. Lakin 5-li müdafiənin önündə çıxış edən Qara-Filip-Emin "trio"su mərkəzi çox yaxşı "bağlamışdı". Belədə rəqibin ümidi cinah asmalarına və uzun ara paslara qalırdı.

Komandamız 25 dəqiqə qonaqların tempi yüksəltməsinə imkan vermədi. Bu müddət ərzində Şahruddinin ciddi narahatlıq keçirdiyini də demək olmaz. Lakin getdikcə təzyiqi artıran portuqalların hücumları qarşısında çox tab gətirmək mümkün olmadı. 26-cı dəqiqədə uzun ara ötürməsi zamanı Təmkinin nəzarətsiz qoyduğu Bernardo Silva ustalıqla topu qapıdan keçirdi. Bundan sonra komandamızın oyununda nisbətən canlanma yarandı. Hətta Azər bir epizodda fərqlənə də bilərdi. Ancaq çox keçmədən bu dəfə Abbas və Elvinin "yuxulaması" ikinci qola səbəb oldu.

Sistem dəyişikliyi ilə düzələn oyun

Canni de Byazi fasilədən dərhal sonra iki əvəzləməyə əl atdı. Bu, oyun sistemində də köklü dəyişikliyə yol açdı. Əli Qurbani və Anatoli Nuriyevin meydana daxil olması ilə sxem 4-3-3-ə çevrildi. Qurbani hücumun sivri ucuna keçdisə, Mahirlə Namiq müvafiq olaraq sağ və sol cinahlara çəkildi. Əvəzlənən Qaranın yerini Emin Mahmudov almalı oldu. Ozobiçlə ikinci hissədə oyuna qoşulan Nuriyev hücumameyilli oynamalı idi. İtaliyalı çalışdırıcı bir növ va-banka getdi. Bu dəyişikliklər nəticəyə müsbət baxımdan təsir göstərməsə də, oyun sarıdan uğurlu gediş idi. Yığmamız artıq daha inamla və çox adamla hücuma keçə bilirdi. Ancaq usta futbolçulardan ibarət qonaqlar futbolçularımızın həmlələrinin qarşısını almaqda çətinlik çəkmirdilər. Etiraf edək ki, portuqaliyalılar 2 top fərqi ilə öndə olduğundan, rahat çıxış edir, komandamıza da oynamaq imkanı verirdi.

Yığmamız verilən boşluqdan da yararlanmadı
De Byazi hissənin ortalarında daha üç əvəzləmə ilə dəyişklik limitini doldurdu. Bu dəfə əvvəlcə matçı aşağı səviyyədə keçirən Mahir Emreli və Filip Ozobiçin yerinə müvafiq olaraq Toral Bayramovla Vüqar Mustafayev, bir qədər sonra isə Azər Salahlının əvəzinə Rəhim Sadıxov mübarizəyə qoşuldu. Sonuncu dəyişikliklə Toral müdafiənin sol cinahına çəkildi. Rəhim isə kənardan meydana daxil olmağa hazırlaşanda qonaqlar üçüncü topu qapımızdan keçirdilər. Maraqlıdı ki, qol epizodunda müdafiəçilərin nəzarətsiz buraxdığı Dioqo Jotanı Namiq Ələsgərov tutmağa çalışırdı. Bu top Santosun yetirmələrini daha da rahatlatdı. Qonaq komanda artıq meydanda məşq edirmiş kimi boşluqlar verir, aşağı tempdə matçın bitməsini gözləyirdi. Bu, da futbolçularımızın əl-qolunu açdı. Son dəqiqələrdə bir epizodda Namiq qapıçı ilə üzbəüz dueldə qeyri-dəqiq zərbə ilə yadda qaldı. Bir təhlükəli hücum isə son ötürmənin dəqiq alınmaması ucbatından yarımçıq kəsildi.

Bununla, yığmamız Turində 0:1 hesabı ilə uduzduğu qrupun aşkar favoritinə Bakıda 3 cavabsız qolla yenildi. Sentyabrda keçirdiyi 3 rəsmi matçda 1 xal toplayan komandamız hazırda qrupda sonuncu pillədə qərarlaşır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest