"Fənərbaxça" klubu "Marsilya"nın ingilis cinah oyunçusu Meyson Qrinvudun transferində xoşbəxt sona çatıb. İstanbul təmsilçisi Vedat Muriqi və Natan Akedən sonra yay transfer dövrünün üçüncü ulduz futbolçusu ilə hər tərəfli razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı futbolçunun bu gün İstanbula gələrək 4 illik rəsmi müqavilə imzalaması gözlənilir. "Fənərbaxça" rəhbərliyi "Roma" və "Atletiko"nun da rəqib olduğu bu keçid üçün Fransa klubuna 39.5 milyon avro və əlavə bonuslar ödəyəcək. Bu rəqəmlə klub tarixinin ən baha transferi olan ingilis ulduz isə ildə xalis 10 milyon avro maaş alacaq.
Karyerasına "Mançester Yunayted" akademiyasında başlayan Qrinvud ötən mövsüm çıxış etdiyi 45 rəsmi matçda 26 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, Avropanın 5 böyük liqasında bütün turnirlər daxil olmaqla həm 25-dən çox qol vuran, həm də 10-dan çox asist edən yeganə oyunçu olmağı bacarıb.













