Dünənki oyunda ölkə kubokunun finalına vəsiqə "Neftçi"nin haqqı idi. Paytaxt klubu hər cəhətdən tovuzluları üstələdi. VAR-da ilişib qalan qollar, qapı tirindən qayıdan zərbələr və s... Sonda da əzmkar oyunun, ardı-arası kəsilməyən hücumların məntiqi nəticəsi kimi 5 dəqiqəyə vurulan iki cavabsız qol.

Məncə, tək Kenni Sayef nəinki matçın ən yaxşısı, "Turan Tovuz"un meydana çıxan bütün futbolçularından daha faydalı idi.

Təbii ki, ümumi "Neftçi" - "Turan Tovuz" qarşılaşdırmasında paytaxt təmsilçisinin üstünlükləri çoxdu. Xüsusən də heyət sarıdan. O da bir ayrı məsələdir ki, bu iki komandanın büdcələri, malik olduqları imkanlar arasında yerlə göy qədər fərq var. 

Ancaq necə deyərlər, kiçiyin kiçik, böyüyün böyük dərdi var. İyunun 3-də keçiriləcək həlledici oyunda "ağ-qaralar"a uğurlar arzulayırıq, yəqin ki, mövsümü titulla başa vuracaqlar. Amma heyət güclənməsə, "Neftçi"nin Konfrans Liqasının ilk mərhələsini keçə biləcəyi bir az zor ehtimaldı.

"Turan Tovuz"a gəlincə, bu komandanın problemi futbolçulardadı. Qərb təmsilçisinin formasını geyinməzdən əvvəl hansısa komandada küncdə-bucaqda qalanlarla, adları oyun protokoluna ayda-ildə bir düşənlərlə kubok qazanıb Avropaya getmək mümkünsüzdü.

Düzdü, çempionatdakı 29 xal həmin futbolçularla yığılıb, amma mövsümün sonu yaxınlaşdıqca bəziləri komandanın yox, öz oyunlarını oynamağa başlayıblar. Qarşıda hələ 5 tur var, "Turan Tovuz"un çempionatda qalıb-qalmayacağı bilinmir, amma bunlar yeni sponsor gələn gündən "mənimlə maraqlanan klublar var" deyib qiymətlərini qaldırmaq istəyirlər.

Əvvəlki komandalarında 2-3 aydan bir maaş alanda sevinən, klub rəhbərliyi tərəfindən aşağılanan, az qala ya divizionda komanda axtarışına çıxan, ya da gənc yaşda futbolçu karyerasını bitirməyə hazırlaşanlar indi rəhbərliyə media üzərindən ultimatum göndərirlər. 

"Dostoyevskinin iti" ilə tanış olanlar bilir...

Dünənə qədər alçaldılan və təhqir edilənlərin başlarını tumarlayanda dönüb qaçırlar...

Anormal karyeraları boyunca ən pis davranışlara məruz qalanlar indi normal münasibət görəndə, vaxtlı-vaxtında maaş alanda, necə davranacaqlarını bilmirlər...

Nə rəhbərliyin insani münasibətinə, nə də minlərlə azarkeşin göstərdiyi sevgiyə dəyər verirlər...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest