Bəzən insan haqqında formalaşan rəy illərlə qulaqdan-qulağa ötürülən mifdən ibarət olur. Azərbaycan Futzal Federasiyasının (AFF) cinayət məsuliyyətinə cəlb edilən prezidenti Zaur Axundov da uzun müddət bu miflərin içində təqdim olunan simalardan idi: elit təbəqəyə yaxın, imkanlı, xeyirxah. Sanki Axundov olmasa, ölkədə futzal çökər, futbol inkişaf etməz. Ən azı mənə belə təqdim olunmuşdu.
Amma necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdı. Zaur bəylə üzbəüz söhbət etmək şansım 7 il əvvəl yaranmışdı. 2019-cu ilin mayında Bakıda keçirilən “Çelsi” – “Arsenal” matçından əvvəl müsahibəyə dəvət etmişdi. Sağ olsun, təxminən 3 saat gözlətdikdən sonra “tələsirəm, vaxtım yoxdu” deyərək, müsahibədən yayınmışdı. AFFA-nın Konfransları, üzvü olduğu İcraiyyə Komitəsinin iclaslarından sonra təşkil olunan brifinqlərdə də onun davranışı məndə soyuq və məsafəli bir məmur tipi təəssüratı yaratmışdı.
Sizi bilmirəm, mənim üçün təəssürat da çox önəmlidi.
Ətrafı nə qədər gizlətməyə çalışsa da, saytlarda Axundovun öz işçiləri ilə necə davrandığı, futzalçılarla, eləcə də vaxtilə rəhbərlik etdiyi “Keşlə” klubunun futbolçuları ilə sərt danışması barədə yazılar var.
2018-ci ilin fevralında baş vermiş hadisə isə böyük rezonans doğurmuşdu. Azərbaycan futzal yığmasının Portuqaliya ilə Sloveniyada keçirilən 1/4 final qarşılaşması zamanı yaranan insidentdə federasiya rəhbəri də iştirak etmişdi. Onun portuqaliyalı Rikardinyo ilə mübahisəsi isə heç də xoşagələn deyildi...
Maraqlıdı, federasiya prezidenti meydandakı insidentlə gündəmə gəlirsə, kabinetdə nə baş verir?
Kabineti bilmirəm, amma bildiyim odu ki, Zaur Axundovun qardaşı, “Araz-Naxçıvan” klubunun prezidenti Ramin Axundov da cinayət məsuliyyətinə cəlb olunub. 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ittihamı, istintaqdan yayınma və nəticədə axtarış…
Necə düşünürsüz, bütün bunlar təsadüfdü, yoxsa vəzifə “səlahiyyəti”?
Axı vəzifə insanı dəyişmir, onu ifşa edir...
İxtiyar ƏSGƏROV









_1770737324.png)


