"Atletiko" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində iki oyunun nəticəsinə əsasən "Barselona"nı üstələyərək yarımfinala yüksəlib.
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Antuan Qrizmann cavab görüşündən sonra açıqlama verib. Fransalı futbolçu finala yüksəlmək istədiklərini deyib:
"Özümüzü çox xoşbəxt hiss edirik. Oyunun əvvəlində buraxılan iki səhv belə matçlarda dərhal cəzalandırılır. Xüsusilə ikinci qol zamanı topu itirdim. Həmin epizodda mövqelənməyim çox pis idi. Nəticədə, azarkeşlərimizin dəstəyi və əks-hücumlarda göstərdiyimiz keyfiyyət sayəsində bir qol vura bildik. Topla oynayarkən özümüzü rahat hiss etmirdik, soyuqqanlılığımız çatışmırdı. Amma biz yarımfinaldayıq.
Bu, mənim üçün çox emosional an idi. Dieqo Simeone və "Atletiko" üçün meydanda hər şeyimi verəcəyəm. İndi qarşıda Çempionlar Liqasında daha iki oyunumuz var. Finala yüksəlmək istəyirik. Bu isə mənim üçün bu hekayədə son nöqtə olacaq. Düşünürəm ki, buna hazıram.
"Arsenal", yoxsa "Sportinq"? Yarımfinalda rəqibin kim olmasının fərqi yoxdur, əsas odur ki, biz oyunda olaq. "Barselona" ilə oyunlar Çətin oldu, amma növbəti mərhələyə keçdik".












