İspaniya La Liqasının səkkizinci turunun "Rayo Valyekano" və "Atletik Bilbao" arasındakı matçı azarkeşlərin etirazları səbəbindən yarımçıq qalıb.
Matc.az xəbər verir ki, oyunun dayandırılmasına tribunadakı iğtişaşlar səbəb olub. "Rayo Valyekano" azarkeşləri klub prezidenti Martin Presaya qarşı etiraz aksiyası keçiriblər.
Onlar meydana kağızdan düzəldilmiş təyyarələr və rezin toplar atmağa başlayıblar. Tribunada "Presa, top sənin tərəfindədir" yazılmış banner görünüb. Baş hakim Sançes Martines iki dəfə oyunu dayandırıb, ikinci dayandırmadan sonra 25-ci dəqiqədə komandaları soyunub-geyinmə otağına göndərib. Sonradan matç bərpa olunub və komandalar ilk hissəni başa vurublar, lakin polisin tövsiyəsi ilə hakim komandaları ikinci hissəyə çıxarmayıb.
Qeyd edək ki, "Rayo Valyekano" azarkeşlərinin klub prezidenti ilə münaqişəsi artıq uzun illərdir davam edir. Klubun ev stadionunun bərbad vəziyyətdə olması ilə bağlı yaranan problemlərə görə bu münaqişə məhz indi öz pik nöqtəsinə çatıb. Bu səbəbdən "Rayo" mövsümə "Leganes"in ev stadionunda başlayıb.













