24 Avqust 2019, 21:38
MPL
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının II turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Paytaxt klubunun çalışdırıcısı səfərdə 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının II turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı səfərdə 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Hər iki komandanın daha çox yerli futbolçulardan olması maraqlı idi. Bərabər səviyyədə oyun oldu. Hər iki tərəfdə səhvlər var idi. Bundan istifadə edən biz olduq. İki hissəni müqayisə edəndə, ilk yarıya yaxşı girə bilmədik. Tapşırıqların bir çoxunu etməyə çətinlik çəkdilər. Rəqib oyuna daha aqressiv başladı. İkinci hissədə oyunçular çox çalışdı. Hava da olduqca hərarətli idi. Bu cür şəraitdə 3 xal qazanmağı "Səbail"in lehinə yazmaq olar. Rəqibi də təbrik edirəm. Bundan sonrakı turlarda sözlərini deyəcəklərinə əminəm.
Bizim də problemlərimiz var. Bu cür şəraitdə futbolçular 2 qələbə qazanıbsa, onları alqışlamaq lazımdı. Bu cür davam etməliyik. Amma uğurlu gedişatın nə qədər çəkəcəyini bilmirik. Rəqiblər də güclənib. Heyətimiz digər rəqiblərlə müqayisədə elə də geniş deyil. Eriko kimi müdafiəçimizi də itirdik. Stabil qalmaq üçün güclənməliyik. Ancaq təəssüf ki, bu imkan yoxdu. Büdcə azaldılıb. Demək olar ki, yarı-yarıya. Sponsorlarla ciddi problemlər yaranıb. Bu büdcəylə futbolçuları qoruyub, saxlamağa çalışırıq. Komandadan gedənlər ola bilər. Rəhbərlik hər futbolçunun qərarına hörmətlə yanaşacağını deyib. Amma komandanı dəyişməyin hansısa futbolçuya müsbət təsir edəcəyini düşünmürəm. Hər komandada çətinlik olur.
Qarşımıza konkret vəzifə qoyulmayıb. Rəhbərliyi də başa düşürük. Durum hər an düzələ də bilər, əksinə də ola bilər. Ruhdan düşməyə çalışmırıq. Futbolçular da, biz də durumun düzəlməyini istəyirik
Növbəti tur "Qarabağ"la oynayacağıq. Bu komanda ilə oyunlar həmişə çətin olur. Onlar digər komandalardan 5 baş üstündü. Yaxşı oyun nümayiş etdirmək üçün çalışacağıq. Bundan əvvəlki turda əsasən ehtiyat oyunçularla oynayırdılarsa, bizimlə oyunda əsas heyətlə olacaqlarını düşünürəm. Onlar tək bizdən yox, bütün komandalardan üstündülər. Ancaq bu o demək deyil ki, təslim olacağıq".