Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı start götürüb. Matc.az xəbər verir ki, bu nüfuzlu yarışın ilk günündə mübarizəyə 3 idmançımız qoşulub. Təəssüf ki, xalça üzərinə çıxan 2 xanım və 1 kişi idmançımız yarışla erkən vidalaşmalı olub.
Qadınlar
48 kq
Bu çəkidə ölkəmizi 2 idmançı - Aişə Qurbanlı və Leyla Əliyeva təmsil edib. İlk cəhdində Marina çernyak (Ukrayna) üzərində qələbə qazanan Qurbanlı uğurun davamını gətirə bilməyib. Rəqibini "ippon"la keçən həmyerlimiz növbəti mərhələdə serbiyalı Milika Nikoliçlə qarşılaşıb. Amma daha yaxşı çıxış edən Milika Aişədən öncə vazari xalı alıb, ardından isə ippon fəndi ilə qələbə qazanıb.
Aişədən fərqli, Leyla ilk cəhdindəcə uduzub. Əliyeva portuqaliyalı Katarina Kosta ilə görüşdən məğlub ayrılıb.
Kişilər
60 kq
Bu çəkidə Davud Məmmədsoy ilk cəhdində hollandiyalı Tornik çjakodea ilə qarşılaşıb. Rəqibinə öncə şido xalı ilə önə keçsə də, idmançımız sonda qələbə qazanmağı bacarıb. Davud əvvəl hollandiyalıdan şido xalı almaqla hesabı bərabərləşdirib, ardından isə onu ippona salıb. Təəssüf ki, Davud da uğurun davamını gətirə bilməyib. O, növbəti mərhələdə fransız Valid Xyara uduzub.
Qeyd edək ki, Azərbaycan Tokioda 8 kişi və 7 xanımla təmsil olunur.