25 Avqust 2019, 21:55
MPL
"Futbolçularımıza verilən tapşırıq ondan ibarətdi ki, topa nəzarət daha çox bizdə olsun. Amma eyni zamanda fürsət düşdükcə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər də yaratmalıyıq. Bu baxımdan hələlik problemlərimiz var"
"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
"Oyuna normal başladıq. Birinci hissədə top həm bizdə, həm də rəqibdə olurdu. Fasilə ərəfəsində buraxılan qol komandamızın oyununa təsirini göstərdi. İkinci hissədə oyunda gedişatı dəyişməyə çalışdıq, hücumlar zamanı cinahlarda fəallığı artırdıq. Rəqib azlıqda qaldıqdan sonra tamamilə qapandı və müdafiəni yarmaqda çətinlik çəkdik. Rəqibi təbrik edirəm. Növbəti oyunlarda bu səhvləri təkrarlamamalıyıq.
Futbolçularımıza verilən tapşırıq ondan ibarətdi ki, topa nəzarət daha çox bizdə olsun. Amma eyni zamanda fürsət düşdükcə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər də yaratmalıyıq. Bu baxımdan hələlik problemlərimiz var. Məsələn, Ulisse Diallodan çox şey gözləyirdik. Lakin oyunu alınmadığına görə ilk hissədən sonra onu əvəzlədik. Düzünü desək, ilk yarıda rəqib qapısı qarşısında təhlükəli vəziyyət yarada bilmədik".
"Sabah" yeni komanda olduğunu vurğulayan çalışdırıcının fikrincə, hər oyunda yüksək səviyyədə çıxış etmək üçün zaman lazımdı: "Ola bilər ki, "Neftçi"yə qarşı yaxşı oynadıqdan sonra futbolçularda müəyyən arxayınlıq var idi ki, "Keşlə"yə asanlıqla qalib gələcəklər. Hətta bununla bağlı üç gün öncə futbolçularla söhbətimiz olmuşdu, onlara xəbərdarlıq etmişdim. Hətta ötən mövsüm də ilk turdan sonra "Sumqayıt"a bu şəkildə uduzmuşduq və onu yada saldım. Amma göründüyü kimi, yenə eyni aqibəti yaşadıq, cəzalandıq".