Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç yerli mətbuata müsahibə verib. Matc.az xəbər verir ki, Zaqreb "Dinamo"sunun 24 yaşlı qolkiperi Avropa çempionatının seçmə mərələsində Azərbaycanla keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

- Slovakiya üzərində 4:0 hesablı qələbədən sonra özünüzü necə hiss edisiniz?

- Belə oyunlardan sonra yuxuya getmək həmişə çətin olur. Bir az təəssüratlarımızı bölüşdük, sonra otağımıza çəkildik. Bu oyunu yaxşı mənada yadda saxlamaq üçün Azərbaycan üzərində də qələbə qazanmalıyıq.

- Bu qələbə Azərbaycanla oyunöncəsi komanda daxilində inamı nə qədər artırdı?

- Əlbəttə ki, bizə əlavə inam gətirdi. Eyni zamanda bu qələbənin bəzi söz-söhbətlərə son qoymasına da sevindim. Ancaq bizdə belədi. Bir yaxşı nəticə sizi göyə qaldırır, uğursuz çıxış isə yerə çırpır. Bu təzyiqlə yaşamağa nə qədər tez öyrəşsək, hamımız üçün o qədər yaxşı olar.

- Keçmiş məşqçiniz Nikola Yurçeviç Bakıda sizi gözləyir. Onunla bağlı xatirələriniz necədi?

- Onunla çox çalışmaq imkanım olmayıb. Amma Biliçlə birlikdə uzun müddət Xorvatiya yığmasında, eləcə də, güclü klublarda işləyib. Kifayət qədər güclü mütəxəssisdi. Bütün bunlar əla göstəricilərdi. Bu qədər keyfiyyətli mütəxəssis olmasaydı, yığma komandanı çalışdırmazdı.

- Robert Prosineçkinin Azərbaycan millisini çalışdırdığı dövrdə Xorvatiya rəqiblə qolsuz bərabərə qalıb. Bunun təkrarlanmasından qorxmursunuz?

- Heç nədən qorxmuram. Biz Xorvatiyayıq, dünya ikincisiyik. Bu üzdən heç kimdən qorxmaq fikrində deyilik. Əlbəttə, özünü sübut etmək istəyən rəqibə hörmətlə yanaşırıq. Amma qorxu bizə yad hissdi. Azərbaycanla matçdan sonra Macarıstanla qarşılaşacağıq. Splitdə də onlara qalib gələrək, final mərhələsinə yüksəlmək istəyirik.

- Xorvatiyadakı ilk görüşdə Azərbaycan başınızı çox ağrıtdı. Bunu sizin üçün xəbərdarlıq hesab etmək olar?

- Bəli, bu bir xəbərdarlıqdı. Bəzi məsləhətlər, qorxular barədə danışmaq çətindi. Trnavadakı oyunu təkrarlamağa çalışacağıq. Bunu edə bilsək, hər şey özümüzdən asılı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest