"Xorvatiya ilə oyundan dərhal sonra Slaven Biliç zəng vuraraq, göstərdiyimiz oyundan şad olduğunu bildirdi və bir dost kimi məni təbrik etdi". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində həmyerlilərinə qarşı keçirilən oyunu dəyərləndirib.

53 yaşlı mütəxəssis ilk olaraq 11-ci dəqiqədə komandamızın qapısına təyin edilən penalti epizoduna münasibət bildirib: "Məndə elə təəssürat yarandı ki, penalti deyil. Komandamızın meneceri dərhal telefonunda həmin epizodun videogörüntüsünü göstərdi və bundan sonra izahat almaq üçün 4-cü hakimin yanına getdim. Bu heç-heçənin Xorvatiyaya böyük zərər verəcəyini düşünmürəm. Əminəm ki, onlar vəziyyəti dramatik hala salmadan final mərhələsinə vəsiqə əldə edəcəklər".

Yurçeviç əlavə edib ki, fasilədə komandasının rəqibdən xal ala biləcəyini düşünüb: "Futbolçularımızın hamısı meydanda ən yaxşı idi. Xorvatiya kimi komandaya yalnız bu yolla qol vurmaq olar".

Qeyd edək ki, Azərbaycan - Xorvatiya görüşü 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest