Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə bərabərə qalan Xorvatiya yığması Bakıda ciddi problemlə qarşılaşıbmış. Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının həkimi Zoran Bahtiyareviç deyib.
O, komandasının ikinci hissədəki aşağı tempdə çıxışını nə futbolçuların səviyyəsi, nə də baş məşqçinin taktiki gedişi ilə əlaqələndirib. Bahtiyareviç bütün məsuliyyəti öz üzərinə götürüb.
Məsələ burasındadı ki, həkim yerli mətbuata açıqlamasında qarşılaşmadan əvvəl yığmanın 8 oyunçusunun virusa yoluxduğunu bildirib: "8 futbolçuda virus var idi ki, onlardan 7-si start heyətində meydana çıxmışdı. Daliçin virus və bəzi oyunçularda olan temperatur haqda heç nə deməməsi bəhanə axtarmayan məşqçinin və təvazökar insanın necə olmasının sübutudu. Bu virus bədənə ciddi təsir edir və gücü tükəndirir. Futbolçulara mümkün qədər kömək etməyə çalışdıq. Hətta matçdan əvvəl baş hakimə dedim ki, oyun zamanı oyunçulardan hansısa birinin ayaqyolu üçün meydanı tərk etməsi istisna deyil. Əvvəlcədən xəbərdarlıq etdim ki, buna təəccüblənməsin və belə hal baş verərsə, futbolçunu cəzalandırmasın. Amma buna ehtiyac duyulmadı".
Zoran Bahtiyareviç virusun səbəbini hələ də bilmədiklərini söyləyib. O, bunun Bakıdakı qida ilə əlaqədar olmadığını əlavə edib: "Virusun mənbəyi barədə axtarış etmədik. Birinə düşüb və ondan digərlərinə keçib. Bunun Bakıdakı yeməklərlə heç bir əlaqəsi yox idi. Bizim öz aşpazımız var idi və möhtəşəm oteldə qalırdıq. Sadəcə, bu problemi biləndə oyuna çox az vaxt var idi və araşdırmaq üçün gec idi".