Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç İTV-də yayımlanan "Bol idman" verilişinin qonağı olub. Matc.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis komandasının AVRO-2020-nin seçmə mərhələsində Uels (1:2) və Xorvatiya ilə (1:1) keçirilən son oyunlarını dəyərləndirib.
O, hər iki matçdakı performansdan razılıq bildirib: "Uelsə məğlub olmağımıza baxmayaraq, yaxşı oynamışdıq. Komandamızın çıxışından razı idim. Amma nəticə uğursuz olduğundan, Xorvatiya ilə oyundan əvvəl uşaqlarla söhbət etmək lazım idi. Xorvatiya yığmasını tanımağım da mənim üçün yaxşı hal idi".
53 yaşlı mütəxəssis Xorvatiya ilə qarşılaşmada bərabərlik topunun müəllifi olan Təmkin Xəlilzadədən belə qol gözləmədiyini etiraf edib: "Düzü, Təmkinin belə qol vuracağını gözləmirdim. Məşqlərdə də yüngül görünürdü. Həmçinin Uelsdə sonradan meydana daxil olsa da, özünü yaxşı tərəfdən göstərdi. Xorvatiya ilə matçda Təmkini meydana buraxanda sanki içimdə pozitiv bir hiss var idi ki, nəsə olacaq. Onun belə Messisayağı qol vuracağını düşünməmişdim".