Azərbaycan Premyer Liqasında V turun "Neftçi" – "Keşlə" (0:0) matçından sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
 
- Qırmızı vərəqəyə kimi yaxşı oynayırdıq. Buna qədər qorxu da var idi. Tam güclə irəli atıla bilmirdik. Qəribədi ki, 10 nəfərlə daha yaxşı oyun göstərdik. İkinci hissədə müdafiə olunduq. Rəqib bütünlüklə irəli atılmışdı. Meza Kollinin zərbəsini qapıçımız qaytardı. Ancaq matçın sonlarında qələbə topunu vura bilərdik. Namiq, Emin və Dabonun yaxşı imkanı oldu. Təəssüf ki, psixoloji təzyiq ilk dəqiqələrdən oyunumza təsir edir. Hər dəfə neqativ nəsə baş verməlidi ki, komandam ayılsın.
 
- Keçən dəfə "İstefa" səsləndirən azarkeşləri öyrədilmiş şəxslər adlandırmışdız. Artıq "Forza Neftçi" tribunadan çəkilib. Bu gün "İstefa" şüarları var idi. Yenə düşünürsüz ki, bir qrup "Neftçi"ni istəməyənlərdi, yoxsa özünüzü günahkar sayırsız ki, oyuna görə fanatlar komandadan küsüb?
- Komandanın qazandığı hər yaxşı və pis nəticəyə görə məsuliyyəti mən daşıyıram. İstefaya səsləmək normaldı, onların buna haqqı var. Ancaq təhqiredici sözləri mən qəbul etmirəm. "İstefa" qışqırmaları normaldı, ancaq təhqirləri ciddiyə almıram.
 
- Həddən artıq çox hücum oldu, ancaq qol olmadı. Əvəzetmələriniz də hücumu gücləndirməyə hesablanmışdı. Qol niyə olmur?
- Biz azlıqda qalmamış epizodları qola çevirməliydik. 10 nəfərlə müdafiə olunanda daha çox enerji itirirsən və tam güclə hücum etmək olmur. Ancaq 10 nəfərlə qalmağımıza baxmayaraq, daha çox qol epizodu yaratdıq.
 
- Bəzi oyunçular sanki imkanlarından xeyli aşağı çıxış edirlər. Sərt müdaxilə etmək fikriniz varmı?
- Deməzdim ki, hansısa oyunçu səviyyəsindən aşağı çıxış edir. Komanda şəklində psixoloji təzyiq altında olduğumuz üçün istədiyimiz oyunu göstərə bilmirik. Onu da qeyd etmək lazımdı ki, "Keşlə" də yaxşı oyun göstərdi.
 
- Psixoloji gərginlik sırf nəticələrə görədi, yoxsa başqa hansısa səbəblər var?
- Təbii ki, nəticələrə görədi. Başqa səbəb yoxdu. Turnir cədvəlində yaxşı yerdə qərarlaşmamışıq. Bu da futbolçuların üzərində təzyiq yaradır.
 
- Matçdan sonra hakimlərə yaxınlaşdız. Bu, nə ilə bağlı idi?
- Onun fikrini öyrəndim ki, niyə matçı tez bitirdilər. Demək olar ki, top cərimə meydançasına çatar-çatmaz matçı bitirəcəkdi. Hətta ötürmə ilə başlasaydıq da, matçı sona çatdıracaqdı. Bu barədə onların fikrini öyrənirdim.
 
- Monrozun fiziki hazırlığı yerindədimi? Yerindədisə, niyə belə ləng görünür?
- Monroz gözəl oyun nümayiş etdirdi. Hətta 10 nəfərlə qaldıqdan sonra daha artıq qaçır, müdafiəyə də kömək edirdi.
 
- Platellasa nə olub?
- Ona heç nə olmayıb. Oynamaması texniki seçim idi.
 
- 5 oyuna 5 xal və 6-cı yer. "Neftçi" kimi komandanın baş məşqçisi artıq problemi düşünməliydi. çıxış yolunu nədə görürsüz?
- Problemi psixologiyada görürəm. Sadəcə olaraq, nəticələrə gpörə üzərimizdə təzyiq var. İstədiyin şeyləri göstərməyə çalışırsan, amma bu, imkan vermir.
 
- Baş hakimin sizi sarı vərəqə ilə cəzalandırmasına münasibətiniz necədi?
- Buna şərh verə bilmərəm. Sadəcə olaraq, mən ona sual verdim. O da mənə sarı vərəqə göstərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest