22 Sentyabr 2019, 22:15
MPL
"Uduzaq, faciə olardı. Ancaq oyuna qədər bizə desəydilər ki, "Neftçi" ilə heç-heçə edəcəyik - bu nəticə bizi qanə edərdi". Matc.az xəbər verir ki, bunları "Keşlə"nin futbolçusu Ruslan Qurbanov Premyer Liqanın V turunda səfərdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra deyib.
28 yaşlı hücumçunun sözlərinə görə, "Neftçi" güclü rəqibdir: "Sadəcə olaraq, bu komandanın üzərində təzyiq var. Onlar qalib gəlmək istəyirlər. "Qarabağ" istisna olmaqla, "Neftçi" bütün matçlarda favorit olur. Biz də yaxşı oynadıq, ancaq hardasa bəxtimiz gətirmədi. Rəqib də fərqlənə bilərdi. Əsas odur ki, 1 xal qazandıq. Bu 1 xal sonra bizə lazım olacaq".
- Xeyli qol imkanınız olsa da, reallaşdıra bilmədiniz. Problem nədədir?
- Bir az bəxtimiz gətirmədi. çox çalışmalıyıq. Belə də edəcəyik. Yəqin, bu gün bizim günümüz deyildi. Ona görə də vura bilmədik. Hərçənd "Qarabağ" istisna olmaq, bütün komandalara qol vurmuşuq. Müdafiədə gözləyib, "Neftçi"ni əks-hücumlarda tutmaq istəyirdik. Ancaq alınmadı. Yaxşı ki, rəqib oyunçu ilk yarıda qırmızı vərəqə aldı. Bundan sonra bir qədər asan oldu.
- Əvəzlənməyinizi özünüz istədiniz. Zədə ciddidir?
- Bəli, yüngül zədə aldım. Məndə topuqda zədə var. Təmas oldu, yenə ağrı yarandı.
- Artıq indidən "Qarabağ"ın çempion olacağını demək olar?
- "Qarabağ" sabah "Zirə"yə qalib gəlsə, "Neftçi" ilə aradakı fərq 10 xala yüksələcək. "Qarabağ"a çatmaq çətin olacaq. çünki onlar stabil çıxış edirlər, tələsmirlər. Birini vururlar, vəssalam, nəticəni düşünürlər. İndidən "Qarabağ"ın çempion olduğunu deməzdim. Futbolda hər şey mümkündür. Bəlkə, kimsə onlarla mübarizə aparacaq. "Neftçi" və ya "Zirə" olsun. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Hamısına uğurlar arzu edirəm.
- "Neftçi"nin sabiq futbolçusu kimi komandanın qeyri-stabil çıxışının səbəbini nədə götürürsünüz?
- "Neftçi" Avropa Liqasında Rusiya "Arsenal"ın qarşı ən yaxşı oyunlarını göstərdi. Ancaq daha sonra İsrail komandasına uduzdular. Ola bilər ki, ondan sonra psixoloji problem oldu. "Neftçi"nin futbolçularını, rəhbərliyi tanıyıram. Onlar bütün matçlara qələbə istəyi ilə çıxırlar. Ona görə də qol vurmağa tələsirlər. Komanda hazırda "qara zolaq"dadır. İki oyunda qalib gəlsələr, hər şey qaydasına düşəcək. Onları yaxşı heyəti, futbolçuları var. SOCAR da sponsordur. Başqa nə lazımdır ki?