"Bir neçə tur idi uduzmurduq və oyuna yaxşı motivasiyada çıxmışdıq". Bunu "Zirə"nin baş məşqçisi Samir Abasov deyib. Azərbaycan Premyer Liqasının V turunda "Qarabağ"ı qəbul edən qəsəbə təmsilçisi öz meydanında 1:3 hesablı məğlubiyyətə düçar olub

"Bir neçə tur idi uduzmurduq və oyuna yaxşı motivasiyada çıxmışdıq". Matc.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov deyib.
 
Azərbaycan Premyer Liqasının V turunda "Qarabağ"ı qəbul edən qəsəbə təmsilçisi öz meydanında 1:3 hesablı məğlubiyyətə düçar olub.
 
Oyunsonrası mətbuat konfransında Abasov fikrini bu sözlərlə davam etdirib: "Meydana xal qazanmaq yox, sırf 3 xal üçün çıxmışdıq. Təəssüf ki, buraxdığımız səhvlər həlledici oldu. Medallar üçün oynayan komandanın müdafiəsində belə səhvlər olmamalıdı. çox qaçdıq, yaxşı kombinasiyalar qurmağa çalışdıq. Bəzi məqamlardan razı qaldım".
 
- İkinci hissədə 1:0 hesablı qələbə qazandınız. Birinci hissədə bu, mümkün ola bilərdimi?
- Bəli, ola bilərdi. İlk qolda futbolçumuz talesizlik yaşadı. İkinci qolda da bəxtimiz gətirmədi. Heç vaxt əks-hücum oynamayan "Qarabağ" əks-hücumdan qol vurdu. Müdafiə ilə bağlı səhvlərin üzərində ciddi dayanacağıq və oyunumuzu daha da təkmilləşdirəcəyik.
 
- Heyətiniz kasaddı və daha bir zədəliniz oldu. Növbəti həftəyə necə çıxacaqsınız?
- Bunu demək istəmədim ki, bəhanə etdiyimi deməsinlər. Bir neçə zədəli oyunçumuz var. Bizdən əvvəl əvəzedicilərimiz oynamışdı, uşaqlar yorğun idilər. Bu gün limitdəki oyunçuya bir şey olsaydı, başımızı tutacaqdıq.
 
- Hələ 5-ci turdu. Mövsümün əvvəlində bunu nəzərə almamışdınız?
- Almışdıq. Amma 40 futbolçu götürməli deyilsən ki, birdən 10 nəfər zədələnər. Hazırkı durumumuz bu qədər oyunçu götürməyə imkan verir.
 
- Meydana qələbə üçün çıxdığınızı dediniz. Bu "Zirə" "Qarabağ"ı məğlub edə bilərdi?
- Bəli, məğlub edə bilərdi. Rəqib ikinci hissədə oturmağa, top itirməyə başladı. Son beş gündə ikinci oyuna çıxmışdılar. Təəssüf ki, buraxdığımız qollar planlarımızı pozdu.
 
- Nordenin ehtiyatda qalması nə ilə bağlı idi?
- Həftəiçi bu cür çalışmışdıq, Elvinlə işləmişdik. Rəqibin ilk hissədə hücumda çox olacağını bilirdik. Elvini də müdafiəyə kömək etməsi üçün meydana buraxmışdıq. Norde bunu bacarmırdı. Onu ikinci hissədə meydana buraxdıq. Həmişə sən istədiyin kimi olmur.
 
- Cavid Hüseynovu komandaya götürdüyünüz, yoxsa kapitanlıq sarğısını verdiyiniz üçün peşmansınız?
- Cavid "Zirə"yə gələndən sonra milliyə də çağırılıb. Sizin Yurçeviçlə fikirləriniz üst-üstə düşməyib. Bu gün Cavid daxil olmaqla, bəzi oyunçular yaxşı idi ki, bunun üzərində daha çox çalışacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest