Macarıstan yığmasında maraqlı hadisə baş verib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 8 ildən sonra AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya və Azərbaycanla oyunlara dəvət edilən hücumçu Robert Feçzesini tapmaq yerli federasiya üçün çətin olub.
Bunu "Uypeşt"in 33 yaşlı forvardı özü bildirib. O, baş məşqçi Marko Rossinin zənginə cavab vermədiyini etiraf edib: "Milliyə dəvət alacağımı bildiyim zaman baş məşqçi Marko Rossi mənimlə əlaqə saxlamağa çalışıb. Lakin telefon nömrəsini bilmədiyim üçün onun zəngini cavabsız qoydum. Ancaq mətbuat xidmətinin rəhbərinin nömrəsini bilirdim. O zəng edəndə telefonu götürdüm və daha sonra baş məşqçi ilə danışa bildim. Onunla italyan dilində söhbət etdik. Düzü, həmin an tüklərim biz-biz oldu. çünki ölkəmi təmsil etmək inanılmaz hissdi. Millidə çox yaxşı performans ortaya qoyacam".
Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da Splitdə, Azərbaycanla isə 3 gün sonra Budapeştdə qarşılaşacaq.