AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstanda ciddi itkilər baş verib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, iki futbolçu heyətdən çıxarılıb.

Bunlar "Zalaeqerseq"in müdafiəçisi Tamaş Kristian və "Zalsburq"un yarımmüdafiəçisi Dominik Şoboşlaydı. 26 nəfərlik siyahıda adları yer alan hər iki futbolçu komandanın dünəndən başlayan toplanışına qatılmayıb. Buna səbəb oyunçuların zədədən əziyyət çəkmələridi.

Xüsusən də, Şoboşlayın yoxluğu baş məşqçi Marko Rossini narahat edir. çünki digər yarımmüdafiəçi Adam Nad da cəzalı olduğu üçün Xorvatiya ilə matçı buraxacaq. İtaliyalı mütəxəssis "Debretsen"in orta sahə oyunçusu Ferentsi Yanoşa dəvət göndərməyi planlaşdırır.

Baş məşqçi özü də vəziyyətin ürəkaçan olmadığını etiraf edib: "Durumu ideal saya bilmərəm. Ancaq indi mənfi tərəfdən baxsam, vəziyyəti düzəldə bilmərəm. İxtiyarımda olan futbolçuların vəzifəsi meydanda əllərindən gələni etməkdi".

Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest